ADY barəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qərarı məhkəmə tərəfindən ləğv edildi
Ötən ay İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Dəmir Yolları” QSC-yə qarşı yükdaşıma sifarişlərinin təsdiqindən əsassız imtina, törəmə şirkətlərə güzəştlərin tətbiqi nəticəsində rəqabətin məhdudlaşdırılması üzrə qanun pozuntularının aşkarlanması ilə bağlı qərar qəbul edib və icrası ilə bağlı göstəriş verib.
Liderxeber.az xəbər verir ki, “Alliance Logistics” MMC və “Caspian Rail” MMC-nin müraciəti əsasında Dövlət Xidməti tərəfindən “pozuntu” adlandırılan məsələyə hüquqi qiymət verilməsi üçün ADY tərəfindən məhkəməyə iddia ilə müraciət edilib.
Qeyd etmək lazımdır ki, yükdaşıma sifarişlərindən imtinalar əsassız olmayıb, Dövlət Xidmətinə müraciət etmiş şirkətlərin ADY-yə külli miqdarda borc öhdəlikləri olduğuna görə imtina edilib. ADY-nin borclu təşkilatların yüklərini pulsuz daşımaq kimi bir öhdəliyi olmadığını və daşımalarla əlaqədar tarif və əmsallar barədə məlumatların ADY tərəfindən eyni tarixdə bütün fraxt-agentlərə kommunikasiya və tətbiq edildiyini nəzərə alsaq, hər hansı qanun pozuntusuna yol verilmədiyini əminliklə demək olar.
Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti iki il bundan öncə də ADY-yə qarşı oxşar məzmunlu qərar və göstəriş qəbul edib. Qərarda ADY-yə qarşı onun törəmə müəssisələrinin ekspeditor fəaliyyətinin dayandırılması, ADY-nin balansında olan vaqon parkının özü tərəfindən idarə edilməsi, tarif və güzəştlərin tətbiq edilməsi mexanizminin müəyyənləşdirilməsi və s. tələblər irəli sürülüb. Həmin qərar ADY tərəfindən mübahisələndirilib və bütün məhkəmə instansiyaları tərəfindən qanunsuz hesab edilərək ləğv edilib.
Regionun və Avropanın əksər ölkələrinin dəmiryol administrasiyalarında olduğu kimi, Azərbaycanda da ADY-nin yükdaşımalar üzrə ekspeditor fəaliyyəti göstərən törəmə şirkətləri var.
ADY bu sahədə şəffaflığı daim qoruyur və həm törəmə, həm də özəl agent-ekspeditor şirkətləri ilə vahid şərtlər, bərabər yanaşma və tariflər əsasında əməkdaşlıq edir. Həmçinin ADY-nin törəmə şirkətləri bazarda “marketmeyker” (bazar tənzimləyicisi) funksiyasını yerinə yetirir. Bununla da xidmətlərin son müştəriyə ADY-nin təqdim etdiyi tariflərdən fərqli, böyük marja ilə satılmasının, yəni süni qiymət (tarif) artımının qarşısı alınır.
Məhkəmə tərəfindən qəbul edilmiş qərar bu cür fəaliyyətin tam qanunauyğun olduğu və heç bir pozuntu və ya rəqabətin məhdudlaşdırılmasına yol açmadığının bariz nümunəsidir.