Pressa.az » Ölkə » 31 il sonra tapılan şəhid Yaşar Kərimov Neftçalada dəfn olundu

31 il sonra tapılan şəhid Yaşar Kərimov Neftçalada dəfn olundu

18 iyul 2024, Cümə axşamı, 19:17
31 il sonra tapılan şəhid Yaşar Kərimov Neftçalada dəfn olundu

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Kərimov Yaşar Ələkbər oğlu dünyaya gəldiyi Neftçala rayonunun Aşağı Qaramanlı kəndində dəfn olunub.
 
Liderxeber.az xəbər verir ki, 18 iyul 2024-cü il tarixində Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid Kərimov Yaşar Ələkbər oğlu ailəsinin yaşadığı Aşağı Qaramanlı kəndində vida mərasimi keçirilib. Vida mərasimindən sonra şəhid Aşağı Qaramanlı kənd qəbiristanlığında Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yaylım atəşi və orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ruhuna dualar oxunub, məzarına güllər düzülüb, əkil qoyulub. Onun tabutuna bükülmüş Azərbaycanın üçrəngli Bayrağı şəhidin oğlu Elmir  Kərimova təqdim edilib. 
 
Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, rayon sakinləri, şəhid ailələri, qazilər, media nümayəndələri iştirak ediblər.
 
Qeyd edək ki, Yaşar  Kərimov 1967-ci ildə Neftçalada anadan olub.1993-cü ilin iyul ayının 23-də Ağdam rayonu Şelli kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.