Pressa.az » Ölkə » Zərgər dəqiqliyi ilə hesablanmış siyasət

Zərgər dəqiqliyi ilə hesablanmış siyasət

23 iyul 2024, Çərşənbə axşamı, 11:02
Zərgər dəqiqliyi ilə hesablanmış siyasət

Hazırda ölkəmiz Avropa Birliyi ilə enerji resurslarının nəqli sahəsində genişmiqyaslı əməkdaşlıq edən, hətta Qərbin enerji resursları təchizatçıları sırasında yer alan əsas ölkələrdən biridir. Müzəffər Prezidentimiz cənab İlham Əliyevin zərgər dəqiqliyi ilə nümayiş etdirdiyi düşünülmüş siyasət Azərbaycanı dünya miqyasında ən çox arzuolunan ölkələr sırasına çıxarıb.

Bizlər bu münasibəti bir daha ölkə başçısının bir neçə gün öncə Londona etdiyi səfəri fonunda gördük. Cənab Prezidentin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında iştirakı, səfər çərçivəsində keçirdiyi görüşlər, Avropanaın ölkəmizə qarşı olan münasibətini bariz nümayiş etdirdi. Səfər əsnasında cənab İlham Əliyevə olan xüsusi diqqət Azərbaycanın yalnız bölgədə deyil, eyni zamanda dünyada söz sahiblərindən biri olduğunu deməyə əsas verir. Toplantı çərçivəsində Oksfordda “Enerji və bağlantı” mövzusunda baş tutmuş dəyirmi Masada iştirak və çıxış edən dövlətimizin başçısı Azərbaycanın son illər ərzində enerji siyasəti sahəsində qazandığı uğurlarından geniş bəhs etdi. İnkarolunmaz faktdır ki, bu gün Avropa Birliyinə daxil olan ölkələr cənab İlham Əliyevin simasında Azərbaycanı özlərinin enerji təhlükəsizliyi məsələsində xilaskar kimi görür və qiymətləndirirlər.

Bu məsələdə ölkə başçımızın şəxsi nüfuzu, mükəmməl Lider kimi özünü təsdiq etməsi, sözünün imzası qədər qiymətli  olması ən mühüm rol oynayır. Cənab Prezidentin dəyirmi masada söylədiyi “Enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik” fikri Azərbaycanın qarşıya qoyduğu hədəflərinin nə qədər böyük olduğunu nümayiş etdirdi. Bu və bunun kimi baş tutan bütün görüşlər ölkəmizin milli maraqlarının nümayişi və müdafiəsi baxımından xüsusi önəm kəsb edir. Və bir daha Azərbaycanın bu gün müstəqil siyasət yürütdüyünü bəyan edir.

Əli Əzizov;
Neftçala rayonu, Şəhid atası