Pressa.az » Ölkə » Azərbaycanda "Kredit reytinq agentlikləri haqqında" qanun layihəsi hazırlanıb

Azərbaycanda "Kredit reytinq agentlikləri haqqında" qanun layihəsi hazırlanıb

30 iyul 2024, Çərşənbə axşamı, 17:50
Azərbaycanda "Kredit reytinq agentlikləri haqqında" qanun layihəsi hazırlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) "Kredit reytinq agentlikləri haqqında" qanun layihəsi hazırlayıb.

Bu barədə Liderxeber.azn sorğusuna cavab olaraq qurumdan bildirilib.

Məlumata görə, ölkədə daxili kredit reytinqi mexanizminin yaradılması AMB-nin əsas prioritetlərindən biridir. Bu mexanizmin yaradılması real sektor müəssissələri üzrə informasiya asimmetriyasının azalması, maliyyəyə çıxış imkanlarının artırılması və maliyyə bazarlarının inkişafı baxımından önəmlidir. Qeyd edilənləri nəzərə alaraq, AMB daxili kredit reytinqi layihəsinin icrasına start verib və beynəlxalq təşkilatların kənar ekspertlərini cəlb etməklə texniki iqtisadi əsaslandırma işləri aparıb. Qiymətləndirmə nəticələri əsasında strateji yanaşma və fəaliyyət planı tərtib edilərək icrasına başlanılıb.

"Hazırda "Kredit reytinq agentlikləri haqqında" qanun layihəsinin hazırlanması işləri tamamlanmaq üzrədir. Həmçinin daxili kredit reytinqi ekosisteminin formalaşdırılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində də aktiv işlər aparılmaqdadır. Hesab edirik ki, ölkədə tənzimlənən daxili kredit reytinqi mexanizminin formalaşması maliyyə əlçatanlığı və maliyyə sabitliyinə müsbət təsir edəcək", - deyə AMB bəyan edib.