Pressa.az » Ölkə » Yevlaxda 1000-dən artıq qurumuş Eldar şamı götürüləcək, yerində yeni yaşıllıqlar salınacaq

Yevlaxda 1000-dən artıq qurumuş Eldar şamı götürüləcək, yerində yeni yaşıllıqlar salınacaq

09 avqust 2024, Cümə, 18:03
Yevlaxda 1000-dən artıq qurumuş Eldar şamı götürüləcək, yerində yeni yaşıllıqlar salınacaq

Respublika ərazisində müxtəlif dövrlərdə əkilmiş Eldar şamı ağaclarının son illər kütləvi quruması hallarının əsas səbəblərini müəyyən etmək məqsədilə mütəxəssislərdən ibarət yaradılmış komissiya qrupu növbəti monitorinqi Yevlax rayonunda keçirib.

Liderxeber.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin təmsil olunduğu qrupun Yevlaxda keçirdiyi monitorinq zamanı 1000-dən çox qurumuş ağacın götürülməsinin, eyni zamanda yerində yeni yaşıllıqların salınmasının zəruri olduğu vurğulanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bitki Sağlamlıq şöbəsinin aparıcı məsləhətçisi Elnur Rəhimov bildirib ki, monitorinq zamanı zədələnmiş ağaclardan nümunə götürülüb:

"Agentliyin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında 3 gün ərzində analiz aparılacaq. Bundan sonra nəticələr əlaqədar qurumlara göndəriləcək. Rəy verildikdən sonra isə görüləcək tədbirlər müəyyinləşdiriləcək".

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Dövlət Toxum Nəzarəti və Bitki Təşkili şöbəsinin təsərrüfat xidməti sektorunun baş məsləhətçisi Şükür Əhmədov deyib ki, monitorinqlər zamanı məlum ki, ağacların qurumasına əsas səbəb zərərvericilərin olması müşahidə edilir:

"Qurumaya səbəb olan həmin xəstəliyin növü müəyyənləşdirilməlidir. Lazımi laborat analizlər aparıldıqdan sonra yekun rəy veriləcək".

Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov qeyd edib ki, ağacların 60-a yaxın yaşı var:

"Monitorinq aparılan ağaclar bir neçə ildir xəstəliyə yoluxub və son nəticədə belə vəziyyət yaranıb. Tam analiz aparılmalı və həşəratın hansı virusun keçiricisi olduğu müəyyən edilməlidir. Xəstəliyin səbəbi və ona qarşı mübarizə üsulları müəyyənləşdirilməlidir. Bunun üçün aidiyyəti qurumlar birgə iş aparmalıdır".