Pressa.az » Ölkə » Zaxarova: Ermənistan Zəngəzurdan keçən kommunikasiyalara Rusiya sərhədçilərinin nəzarətindən imtina edib

Zaxarova: Ermənistan Zəngəzurdan keçən kommunikasiyalara Rusiya sərhədçilərinin nəzarətindən imtina edib

21 avqust 2024, Çərşənbə, 16:37
Zaxarova: Ermənistan Zəngəzurdan keçən kommunikasiyalara Rusiya sərhədçilərinin nəzarətindən imtina edib

“İrəvanın günahı başqalarının üzərinə atmasının daha bir nümunəsi, indiki halda Rusiyanın…”

Liderxeber.az-ın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan XİN-nin Sergey Lavrovun Bakıda “Ermənistan 10 noyabr üçtərəfli razılaşmasını sabotaj edir” açıqlamasına şərhinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan üçün əsas öz uğursuzluqlarına görə başqalarını günahkar çıxarmaqdır.

Zaxarova 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini bir daha Ermənistan tərəfinə xatırladıb. Bildirib ki, kommunikasiyaların açılması üçün görülən böyük iş “İrəvanın sərhəd nəzarəti məsələlərində qeyri-bərabərliyi və Rusiya sərhədçilərinin Ermənistan və Azərbaycan tərəfində olmasını təkid etdiyi üçün dayanıb”.

Rusiya XİN sözçüsü vurğulayıb ki, beləliklə, İrəvan Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti tərəfindən nəqliyyat axınına nəzarətdən imtina edib və faktiki olaraq işçi qrupda iştirakını dondurub.