Ərəb mediası Mehriban Əliyevaya həsr olunmuş məqalələr dərc edib
Ərəb ölkələrinin aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həsr olunmuş məqalələr dərc edib.
Liderxeber.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Bəyan” qəzetində dərc olunan “Mehriban Əliyeva: Azərbaycan xalqının nümunəvi insanı” sərlövhəli məqalədə qeyd edilir ki, Mehriban Əliyeva ictimai fəaliyyətinin ilk günlərindən humanitar məsələlərə xüsusi diqqət yetirib. O, ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq üçün saysız-hesabsız təşəbbüslərə rəhbərlik edib.
Məqalədə vurğulanır: “Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban Əliyevanın mənalı ömür yolu və tükənməz enerjisi, xeyirxahlığı, insanlara göstərdiyi şəfqət və mərhəməti, həmçinin öz xalqına və dövlətinə fədakar xidməti xüsusi qeyd olunmalıdır”. Qəzet yazır ki, Azərbaycanın birinci xanımı həm də qayğıkeş bir həyat yoldaşı və ana kimi bütün qadınlara nümunədir”.
Geniş oxucu kütləsinə malik olan “Arab-countries” xəbər portalında dərc olunan məqalədə bildirilir ki, Mehriban xanım Əliyeva intellektual və mədəni ənənələri yaşadan ziyalı ailəsində dünyaya gəlib. Atası görkəmli alim, anası isə tanınmış filoloq olan Azərbaycanın birinci xanımı təhsilə, mədəniyyətə və ictimai fəaliyyətə qayğı və diqqət göstərilməsi üzrə ailə ənənələrini davam etdirib. Eyni zamanda, Mehriban xanımın Moskvada Seçenov adına Tibb Universitetində aldığı tibb təhsili də onun humanitar sahədə fəaliyyətində mühüm rol oynayıb.
“Pantimearabia”, “Tuvaq”, “Aqram”, “Dubaihospitality”, “Dubainews”, “Observer-Dubai”, “Qlobal Dubai” informasiya portallarında dərc olunan məqalədə isə Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun rəhbəri kimi çoxşaxəli ictimai və humanitar fəaliyyətindən bəhs edilib. “Azərbaycanın birinci xanımı həmvətənlərinin həyat şəraitini yaxşılaşdırmaq üçün saysız-hesabsız təşəbbüslərə rəhbərlik edib. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan bu fond 2004-cü ildən səhiyyə, təhsil və sosial rifah sahəsində mühüm irəliləyişlər əldə edib”, - deyə məqalədə vurğulanıb.
“Abdae-alaelami” portalında dərc edilən məqalədə diqqətə çatdırılıb ki, Mehriban xanım Əliyevanın ən mühüm nailiyyətlərindən biri Azərbaycanda səhiyyə xidmətlərinin təkmilləşdirilməsidir. Portal yazır: “Heydər Əliyev Fondu onun rəhbərliyi altında xəstəxanaların, klinikaların və diaqnostika mərkəzlərinin tikintisini və təmirini maliyyələşdirib, müasir tibb müəssisələrinin bütün vətəndaşların istifadəsinə verilməsini təmin edib. Azərbaycanın birinci xanımının təşəbbüsləri arasında pulsuz tibbi xidmətlərin göstərilməsi və əhalinin həssas qruplarının dəstəklənməsini, sağlamlıq sahəsində qeyri-bərabərliyin aradan qaldırılmasını vurğulamaq olar.
Bundan əlavə, Mehriban Əliyeva təhsilə böyük önəm verib. O, şagirdlərin müasir, yaxşı təchiz olunmuş təhsil mühitinə çıxışını təmin edərək, Azərbaycanda yüzlərlə məktəbin tikintisi və təmiri təşəbbüslərinə rəhbərlik edib. Eyni zamanda, Azərbaycan liderlərinin və alimlərinin gələcək nəslini yetişdirmək üçün təqaüd və tədqiqat proqramları həyata keçirilib”.
“Hayatty-2.day” informasiya portalında isə Mehriban xanım Əliyevanın mədəni irsin qorunması və dünyada təbliği istiqamətində fəaliyyətinə xüsusi diqqət yetirilib. Məqalədə deyilir: “Mədəni irsin alovlu müdafiəçisi olan Mehriban xanım Əliyeva öz səylərini Azərbaycanın zəngin mədəni irsinin qorunub saxlanmasına və təbliğinə həsr edib. O, tarixi abidələrin bərpasına nəzarət edib, ənənəvi incəsənəti dəstəkləyib və Azərbaycanın nadir irsini dünyaya nümayiş etdirən beynəlxalq mədəni tədbirlərin təşəbbüskarı olub. Azərbaycanın birinci xanımının fəaliyyəti keçmişin zəngin irsinin qorunub saxlanmasına töhfə verməklə yanaşı, həm də insanlara milli qürur və özünəməxsusluq hissi aşılayıb”.
“Gulftech-news”, “Safar-news”, “vdlnews.com” informasiya portallarında dərc olunan məqalələrdə də Mehriban xanım Əliyevanın Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan, o cümlədən onun Heydər Əliyev Fondunun prezidenti kimi təhsil, səhiyyə, mədəniyyət, sosial məsələlər və digər sahələrdə çoxşaxəli fəaliyyətindən bəhs edilib.
Məqalələrdə həmçinin Azərbaycanın birinci xanımının şəxsi insani keyfiyyətlərinə də geniş yer verilib. Diqqətə çatdırılıb ki, uğurlu dövlət xadimi olan Mehriban Əliyeva, həm də qayğıkeş, mərhəmətli və mehriban bir ailə xanımı, peşəkar və şəxsi həyatını ahəngdar şəkildə birləşdirən Azərbaycan qadınının təcəssümüdür.
Ərəb mediası qeyd edib ki, hazırda parçalanma və çəkişmələrin hökm sürdüyü qlobal şəraitdə Mehriban xanım Əliyevanın humanitar fəaliyyət sahəsinə göstərdiyi böyük diqqət, xeyirxahlıq və mərhəmət nümunəsi Azərbaycanın birinci xanımına xalq arasında dərin hörmət və rəğbət qazandırıb, gənc nəslin nümayəndələrini daha ədalətli və şəfqətli dünya düzəni quruculuğu istiqamətində səy göstərməyə ruhlandırıb.