İlham Əliyev "Gulfstream Aerospace" şirkətinin prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də "Gulfstream Aerospace" şirkətinin prezidenti Mark Börnsü qəbul edib.
Liderxeber.az xəbər verir ki, Mark Börns sonuncu dəfə ölkəmizdə 20 il əvvəl olduğunu deyərək, bu səfəri zamanı Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını vurğulayıb.
O, ölkəmizin iqtisadi inkişafını yaxından izlədiyini deyib və Azərbaycanda istismar olunan "Gulfstream" təyyarələrinin, həmçinin Bakıya gəldikdə hava limanında gördüyü təyyarələrin sayını iqtisadi inkişafımızın yaxşı nümunəsi kimi qiymətləndirib. Mark Börns Azərbaycan ilə gələcək əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
"Formula-1" Azərbaycan Qran-prisinin keçirilməsini qeyd edən qonaq bu yarışların Bakı trasının dünyanın ən maraqlı traslarından biri olduğunu deyib.
Söhbət zamanı Azərbaycanın iqtisadi potensialının və coğrafi mövqeyinin mülki aviasiyamızının gələcəkdə daha da inkişafı üçün əhəmiyyətli rol oynadığı vurğulanıb.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.