COP29 vaxtı Bakı metrosunun fəaliyyəti yerüstü nəqliyyata uyğun tənzimlənəcək
Hazırda COP29-la bağlı Bakı metropoliteninin iş rejimində hansısa dəyişiklik nəzərdə tutulmayıb.
Liderxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
"Lakin şəhərimizə dövlət rəsmiləri, mötəbər qonaqlar gələcək. Qonaqların sayı kifayət qədər çox olacaq. Bununla əlaqədar yerüstü şəhər infrastrukturunun fəaliyyət rejiminə uyğun olaraq metroda da müvafiq tənzimləmələrin hər biri tətbiq olunacaq", - B.Məmmədov əlavə edib.
Qurumun rəsmisi bildirib ki, hazırda bütün qurumlarla intensiv əlaqələrin təmin edilməsi, o cümlədən COP29 Əməliyyat Şirkəti ilə məsləhətləşmələr, tövsiyyələrin alınması, müxtəlif məlumatların toplanması mərhələsi davam edir:
"Əmin olun ki, COP 29 dövründə nəinki qonaqlarımızın, həm də Bakı metrosundan daimi istifadə edən sərnişinlərin rahatlığı məqsədilə bütün tədbirlər görüləcək".