Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunur
Sentyabrın 26-sı Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Liderxeber.az xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, qurum ilk dəfə 1994-cü il oktyabrın 1-də Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin Maddi-texniki təchizat şöbəsinin tərkibində "Rabitə və texniki bölmə" kimi yaradılıb.
Sonralar fəaliyyətini müstəqil şöbə, idarə və departament olaraq Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin strukturunda davam etdirib.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli, 708 nömrəli Fərmanına əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılıb.
Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 16 mart tarixli, 957 nömrəli Fərmanı ilə isə Agentliyin bazasında ayrıca Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaradılıb.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) - Azərbaycan Respublikasının dövlət orqanları üçün xüsusi təyinatlı informasiya-kommunikasiya sistemlərinin və şəbəkələrinin, idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət orqanlarının internet şəbəkəsi ilə əlaqəsinin, onların informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin etmək, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyi məqsədilə xüsusi texniki tədbirləri həyata keçirmək üçün yaradılıb.
Dövlət orqanlarında kibertəhlükəsizlik sahəsində hazırlığın artırılması, bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, internet resurslarının və informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqini həyata keçirmək və bu sistemlərin kibertəhlükəsizliyinin artırılması istiqamətində dövlət orqanlarına texniki və metodiki köməklik göstərilməsi də Dövlət Xidmətinin əsas vəzifələrindəndir.