Pressa.az » Ölkə » Zəfər salnaməmizin Cəbrayıl səhifəsi!

Zəfər salnaməmizin Cəbrayıl səhifəsi!

05 oktyabr 2024, Şənbə, 11:21
Zəfər salnaməmizin Cəbrayıl səhifəsi!
Azərbaycan xalqı dünyanın ən mötəbər orqanı olan BMT Təhlükəsizlik Şurasının öz qətnamələrini icra etməsi üçün onilliklər ərzində gözlədi, ümid Lakin beynəlxalq birlik artıq keçmişdə qalmış “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”nin ədalətli həlli məsələsində heç bir real, əməli addım atmadı.
Bu müddət boyunca Azərbaycan Respublikası sülh arayışlarında, beynəlxalq səviyyəli danışıqlarda konstruktiv mövqedən çıxış etdi, lakin bunun müqabilində nəinki özünə qarşı bir addım, əksinə daha azğınlaşmış davranış gördü. Hər bir azərbaycanlı, qəlbi Vətən torpaqları ilə döyünən xalqımız inanırdı ki, bir gün gələcək mənfur düşmən və onun havadarları darmadağın ediləcək, əsir yurdlarımız azad ediləcəkdir. Məhz bu səhv gedişatın qarşısını Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin mühüm hərbi-siyasi addımları, tarixi qərarları aldı. 27 sentyabr 2020-ci il tarixində düşmənin növbəti təxribatını dəf etmək və təcavüzə son qoymaq məqsədilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu əks-hücuma keçdi. Tariximizə 44 günlük Vətən Müharibəsi kimi daxil olmuş Zəfər Salnaməmizin sonunda düşmən diz çökdürüldü.
Dövlət-xalq birliyindən güc alan qəhrəman ordumuz işğalda olan torpaqlarımızı azad etməklə, xalqımıza qürur yaşatdı, haqq-ədaləti bərpa etdi. Vətən Müharibəsində işğaldan azad edilən ilk rayon mərkəzi məhz Cəbrayıl oldu. Tarixi Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir!. Bilirik ki, 2016-cı ildə baş tutmuş Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi.

Vətən Müharibəsi zamanı Azərbaycan Ordusu  3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan,  4 oktyabr tarixində isə Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Bu tarixi uğurla Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə xalqımız yenidən fəxarət hissi yaşadı. Artıq ikinci ildir ki, 4 oktyabr tarixini Cəbrayıl şəhəri günü kimi qeyd edirik. Bəli, təqvimimizin yeni əlamətdar günləri-şəhər günləri yeni tariximizin qürur dolu səhifələridir. 
Fəridə Əbilova;
Neftçala rayonu