Ekspert: COP29-dan yeni iqlim maliyyəsi hədəfləri üzrə irəliləyiş gözləyirəm
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) enerji keçidi məsələsində yeni hədəflər formalaşdırmalı və inkişaf etməkdə olan ölkələrdə “yaşıl keçid”in sürətləndirilməsinə diqqəti artırmalıdır.
Liderxeber.az xəbər verir ki, bunu açıqlamasında davamlı maliyyələşdirmə sahəsində tanınmış mütəxəssis, “D.A.Carlin and Company”nin təsisçisi Devid Karlin bildirib.
Onun sözlərinə görə, bərpa olunan enerji mənbələri bəşəriyyəti “yaşıl keçid” və ənənəvi olaraq qalıq yanacaqlardan istifadə edən sahələrin elektrikləşdirilməsi ilə təmin edəcək. Eyni zamanda D.Karlin qeyd edib ki, günəş və külək enerjisi ən əlçatan və eyni zamanda perspektivli enerji istiqamətləridir.
D.Karlin Azərbaycanla dayanıqlı inkişaf sahəsində əməkdaşlığa hazır olduğunu bildirib: "Dünyanın hər yerində hökumətlərlə əməkdaşlıq edirik. Azərbaycanla da dayanıqlı inkişaf sahəsində əməkdaşlıq etmək istərdik".
Bundan əlavə o, bu ilin noyabrında Bakıda keçiriləcək COP29-dan gözləntiləri barədə danışıb. D.Karlin iqlim maliyyəsi üzrə “Yeni Kollektiv Kəmiyyət Hədəfi” (NCQG) məsələlərində irəliləyiş gözlədiyini vurğulayıb:
"Mən konfransın yekun sənədində qalıq yanacaqlardan keçid planları ilə bağlı daha aydın ifadələr, karbon bazarlarının etibarlılığı və davamlılığından əmin olmaq üçün dəqiqləşdirmələr görmək istərdim. Həmçinin inkişaf etməkdə olan ölkələrdə “yaşıl keçid”in sürətləndirilməsinə diqqəti artırmaq lazımdır".
Ekspert qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizə beynəlxalq ictimaiyyətin əməkdaşlığını tələb edir: "İqlim dəyişikliyi qlobal əməkdaşlıq tələb edən çağırışdır. Dünyada hər bir ölkənin nəzərə alınmalı olan özünəməxsus iqlim dəyişikliyi şəraiti var".