Pressa.az » Ölkə » Bakı metropolitenində COP29-la bağlı hansı işlər aparılır?

Bakı metropolitenində COP29-la bağlı hansı işlər aparılır?

29 oktyabr 2024, Çərşənbə axşamı, 14:16
Bakı metropolitenində COP29-la bağlı hansı işlər aparılır?

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) ilə əlaqədar Bakı metropolitenində silsilə tədbirlərin davamı kimi bir sıra naviqasiya, o cümlədən təbliğat yeniliklərin edilməsinə başlanılıb.

Liderxeber.az "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir ki, COP29 Əməliyyat Şirkətinin təqdimatında stansiyalarda tədbirin mahiyyətini geniş ictimaiyyətin diqqətinə çatdıran sosial xarakterli reklam posterlərinin yerləşdirilməsinə və monitorlarda yayımına başlanılıb.

"Posterlərdə COP29-un mövzusuna uyğun olaraq dünyamızı qorumaq naminə çağırışlar yer alıb", - məlumatda deyilir.

Bununla yanaşı, stansiya yollarında istiqamət göstəricilərində konfransın keçiriləcəyi Bakı Olimpiya Stadionunun yerləşdiyi “Koroğlu” stansiyasının nişanı üzərinə COP29-un loqotipi olan məlumat lövhələri yerləşdirilib. Əsas məqsəd iştirakçıların, xüsusən Bakı metropolitenindən az istifadə edən şəxslərin, eləcə də əcnəbilərin səmti rahatlıqla müəyyən etməsinə dəstək olmaqdır.

Bildirilir ki, COP29 Əməliyyat Şirkəti ilə birgə silsilə tədbirlər davam etdiriləcək və bu barədə ictimaiyyətə əlavə məlumatlar təqdim olunacaq. Bu xüsusda sosial posterlərin yerləşdirilməsi ilə yanaşı, “Koroğlu” stansiyasında tədbir iştirakçılarının Bakı Olimpiya Stadionuna yolunu daha da asanlaşdıran səmt göstəricilərinin yerləşdirilməsi işləri də aparılacaq.

"Qeyd edilənlərlə yanaşı, COP29 tədbiri iştirakçılarına dəstək məqsədilə metropolitendə Əməliyyat Şirkətinin seçimi və təşkilati dəstəyi əsasında könüllülərin fəaliyyəti də təmin ediləcək. Hazırda bu işlər son mərhələsindədir", - "Bakı Metropoliteni"nin məlumatında deyilir.