Pressa.az » Ölkə » Azərbaycanda orqanik gübrədən istifadə səviyyəsi açıqlanıb

Azərbaycanda orqanik gübrədən istifadə səviyyəsi açıqlanıb

29 oktyabr 2024, Çərşənbə axşamı, 17:46
Azərbaycanda orqanik gübrədən istifadə səviyyəsi açıqlanıb

Azərbaycanın kənd təsərrüfatında üzvi (orqanik) gübrələrdən istifadə səviyyəsi cəmi 1 %-dən azdır.

Bunu Liderxeber.az-a müsahibəsində xarici ölkələrdə innovativ kənd təsərrüfatı texnologiyalarının tətbiqi üzrə məsləhət xidmətləri göstərən beynəlxalq ekspert, İqtisad elmləri üzrə fəlsəfə doktoru Xaliq Məmmədov bildirib.

Onun sözlərinə görə, torpaqdan səmərəli istifadənin vacib şərtlərindən biri onun üzvi gübrələrlə zənginləşdirilməsidir: “Üzvi gübrələr torpağın keyfiyyətini artırır və uzunmüddətli məhsuldarlığı təmin edir. Lakin ölkədə üzvi gübrələrdən istifadə səviyyəsi cəmi 1 %-dən azdır. Torpağın aşınma, eroziya və şoranlaşma prosesləri üzvi gübrələrlə qarşısı alına biləcəyi halda, ölkədə üzvi gübrə istehsalının sənaye üsulu ilə təşkil edilməsi vacibdir. Azərbaycanda kifayət qədər xammal bazası mövcuddur ki, bu da daxili istehsal üçün geniş imkanlar yaradır və məhsuldarlığın 50 %-ə qədər artırılmasına kömək edə bilər”.

X. Məmmədov hesab edir ki, digər gübrələrin istifadəsi də optimal səviyyədə deyil: “Torpaqların laborator analizləri çox vaxt lazımi səviyyədə aparılmır, bu da fermerlərin torpağın real ehtiyaclarını bilmədən gübrələrdən istifadə etməsinə səbəb olur. Nəticədə, torpaq kimyəvi qalıqlarla yüklənir. Məsələn, Gəncə-Qazax iqtisadi rayonunda torpaqlar kaliumla həddindən artıq doyduğu üçün bitkilər bu elementi mənimsəyə bilmir, lakin fermerlər hər il torpağa azot, fosfor və kalium qarışığı olan gübrə əlavə edir. Eyni vəziyyət fosforlu gübrələrdə də müşahidə olunur: fosforla zəngin torpaqlara əlavə fosfor gübrəsi verilir ki, bu da bitkilərin maddələr mübadiləsinə mənfi təsir edir.

Bu təzadlı vəziyyət kənd təsərrüfatının inkişafını əngəlləyən əsas problemlərdən biridir. Torpaq ehtiyatlarının səmərəli istifadəsi üçün sistemli yanaşma və laborator analizlər əsasında gübrə istifadəsi zəruridir”.