Pressa.az » Ölkə » 2025-ci ildən gözləntilər: Sülh, əmin-amanlıq, regional əməkdaşlıq

2025-ci ildən gözləntilər: Sülh, əmin-amanlıq, regional əməkdaşlıq

31 dekabr 2024, Çərşənbə axşamı, 15:09
2025-ci ildən gözləntilər: Sülh, əmin-amanlıq, regional əməkdaşlıq

Əvvəlki illərdə olduğu kimi, yola saldığımız 2024-cü il də Azərbaycanın müasir tarixinə mühüm tarixi nailiyyətlərin imza atıldığı il kimi düşdü.

Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin aradan qaldırılması istiqamətində addımlar atıldı, zəfər seçkiləri kimi qeyd olunan Prezident və sonradan Parlament seçkiləri keçirildi. Xalqımızın dövlətçilik tarixində ilk dəfə idi ki, seçkilər bütöv, suveren Azərbaycan ərazilərinin hər yerində, o cümlədən işğaldan azad olunmuş bütün şəhər və kəndlərində keçirildi.

Bundan əlavə, il neokolonializmə qarşı mübarizəni prioritet elan edən Azərbaycan bu istiqamətdə beynəlxalq tədbirlərin keçirilməsi, təşəbbüslərin genişləndirməsi ilə yadda qaldı. Ən əsası 2024-cü ildə Azərbaycan BMT-nin ən ali iqlim tədbirlərindən birinə - COP29-a ev sahibliyi etdi ki, bu da onun beynəlxalq aləmdə nüfuzunun daha da artması deməkdir. 70 mindən artıq qonaq 80-ə yaxın dövlətin rəhbərinin qatıldığı tədbirdə Azərbaycan ev sahibi kimi ən yüksək səviyyədə təşkilatçılıq işlərini həyata keçirdi.

Ərazi bütövlüyünün bərpası fonunda keçirilən Zəfər seçkiləri

Fevralın 7-də keçirilən prezident seçkiləri ölkə tarixinə həm də Zəfər seçkiləri kimi yazıldı və xalqımızın, Azərbaycan seçicisinin iradəsi bu seçkilərin nəticəsində öz əksini tapdı. Seçkinin mühüm bir məqamı proseslərin demokratik, azad və ədalətli şəkildə keçirilməsi oldu. Prosesin Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyünün təminatı suverenliyimizin bərpası fonunda keçirilməsi böyük tarixi önəm kəsb edir. Növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amilləri açıqlayan Prezident bunun ilk növbədə, antiterror tədbirlərindən sonra yeni dövrün başlanğıcı ilə əlaqədar olduğunu bildirib. Və qeyd edib ki, ikinci səbəb ölkənin bütün regionlarında keçiriləcək birinci seçkilərin məhz prezident seçkilərinin olmasının vacibliyidir.

İlham Əliyev digər səbəb kimi Prezident postunda fəaliyyətinin 20 ilinin tamamlanması ilə əlaqələndirib. İnauqurasiya nitqində göstərilən yüksək etimada görə doğma Azərbaycan xalqına dərin təşəkkürümü bildirən dövlət başçısı “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm” deyə bəyan etdi.

Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirdi. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir. Dövlət başçısının çıxışında “biz dünya birliyinə, ictimaiyyətinə çatdırırıq ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır. Təkcə sözlə yox, biz sübutlarla dünya birliyinə bunu çatdırırıq. Elmi əsərlər yazılır, arxivlər qaldırılır, tarixi kitablar yazılır. Bunu sübut edən kifayət qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Biz bir neçə deportasiyaya məruz qalmışıq. Bütün bunları biz çatdırmalıyıq, çatdırırıq və bu, öz səmərəsini verməkdədir” sözləri xüsusi önəm kəsb edir.

Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri isə bir daha təsdiq etdi ki, ölkəmiz demokratiya yolu ilə inamla irəliləyir. Ona görə də bu mühüm siyasi hadisə bütün parametrləri ilə Azərbaycanın siyasi tarixinə demokratik və azad seçkilərdən biri kimi düşdü. Azərbaycanın bütün suveren ərazisində keçirilən seçkinin nəticələri dünyanın nüfuzlu siyasi dairələri, o cümlədən populyar xarici KİV tərəfindən də yüksək qiymətləndirildi. Bütün rəylərdə, informasiyalarda seçkilərin ədalətli və şəffaf keçirildiyi öz əksini tapdı. Azərbaycanın erməni işğalından azad etdiyi bölgələrində də seçki qutuları qoyulub ki, bununla da 30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində parlament seçkiləri keçirməsi tarixi hadisə kimi qiymətləndirilib.

2025-ci ildə də BTQ-nin kolonizasiya bölgələrinin sayı daha çox olacaq

Bir neçə il bundan əvvəl neokolonializmə qarşı Bakıdan start götürən təşəbbüs 2024-cü i ildə artıq beynəlxalq kampaniyaya çevrilir, qlobal əhəmiyyət kəsb edir. Azərbaycanın bu təşəbbüsünə getdikcə daha çox ölkə qoşulur və bu, bəşəriyyətin inkişafının qarşısını alan maneələrdən biri kimi qəbul edilir. Azərbaycan azsaylı ölkələrdəndir ki, Fransanın neokolonializm siyasətinə qarşı mübarizəni prioritet elan edib, beynəlxalq tədbirlərə ev sahibliyi edir, hətta bununla bağlı Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupu (BTQ) da yaradılıb.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində neokolonializm məsələsinə də toxunub. Dövlət başçısı bildirib ki, neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün Azərbaycan öz dəstəyini göstərir və bundan sonra da göstərəcək. Prezident vurğulayıb ki, Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusunda keçirilən konfransın yekunlarına əsasən Bakı Təşəbbüs Qrupunun yaradılması bu məsələdə mühüm əhəmiyyət kəsb edir. Parisin çirkin müstəmləkə, pozuculuq siyasətinə, cəzasız qalan cinayətinə qarşı nəhayət ki, ciddi reaksiya verilir, beynəlxalq müstəvidə yeni və kəsərli mübarizə başlayır.

Bu il bu məsələlərlə bağlı 17 beynəlxalq konfrans keçirilib və onların bəziləri BMT qərargahlarında, Nyu-Yorkda, Cenevrədə baş tutub. Həmçinin BMT-nin İnsan Hüquqları Komitəsindən Fransa hökumətinin Martinik və Yeni Kaledoniyada həyata keçirdiyi müstəmləkəçilik haqqında hesabat istənilmişdi. Bu son 5 ildə Fransa hökuməti qarşısında ilk tələb idi. BTQ tərəfindən 5 memorandum imzalanıb və bu üzrə 5 region üzrə QHT-lər, təşkilatlarla sıx əməkdaşlıq edilir.

33 ildə ilk dəfə - Azərbaycan və Ermənistan arasında delimitasiya danışıqları

2024-cü ildə ilk dəfə olaraq Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya üzrə danışıqları start götürdü. Aprelin 19-da əldə edilən ilkin razılaşmaya əsasən, Azərbaycanın Qazax, Ermənistanın Tavuş rayonu arasındakı sərhədin bir neçə seqmentinin, xüsusən də Azərbaycanın nəzarətinə qaytarılan dörd kənd ətrafında sərhədlərin delimitasiyası üzrə işləri başa çatdırılıb. Baş nazirin müavini Şahin Mustafayevin ofisinin məlumatına görə, delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib. Bununla Qazax rayonunun dörd kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kvadrat kilometr) Azərbaycana qaytarılması təmin edilib. Həmin kəndlərin əraziləri mayın 24-də Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Azərbaycanın dünyaya töhfəsi – COP29

Şübhəsiz ki, ilin ən mühüm hadisələrindən biri Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etməsi oldu. Azərbaycan tədbirə uğurla ev sahibliyi etməklə beynəlxalq ictimaiyyətin bir daha etimadını və etibarını qazanıb. COP29 dövlətin artan nüfuzuna daha bir çalar qatıb. Qonaqların qəbulu, onların yerləşdirilməsi, təhlükəsizliyinin təmin edilməsi və başqa məsələlər uğurlu təşkilatçılığa örnək ola bilər. Prezident İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bildirmişdi: “Bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 prezident, vitse-prezident və baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”.

COP29 bir daha sübut etdi ki, Azərbaycan dünyada böyük nüfuza malik, beynəlxalq ictimaiyyətin gözündə etibar, hörmət qazanmış dövlətdir. Rəsmi Bakı sessiyanı uğurlu təşkil etməklə ona etimad edənlərin də ümidlərini doğrultmuş oldu. Bu, çoxlu sayda dövlət və hökumət başçılarının, onminlərlə qonağın tədbirdə iştirakında və təşkilatçıya ünvanladıqları xoş sözlərdə də əksinin tapıb. Bununla da COP29 ən çox dövlət və hökumət başçılarının iştirak etdiyi tədbirlərdən biri olub. Sessiyanın sonrakı günlərində 76 min nəfərin qeydiyyatdan keçməsi dünya iqlim konfranslarının tarixində yeni rekord sayılır. Azərbaycan bu qlobal toplantını uğurla təşkil etməklə daha bir sınaqdan uğurla çıxıb.

Beləliklə, 2024-cü il Azərbaycan tarixinə yuxarıda qeyd etdiyimiz kimi tarixi hadisələrlə zəngin il kimi düşdü. Mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan regional lider mövqeyini qoruyub saxlamağa müvəffəq oldu. Ümid etmək olar ki, nəhayət 2025-ci il Azərbaycan tarixinə Ermənistanla yekun sülh sazişinin imzalanacağı il kimi düşəcək.