Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində dövlət ittihamçılarından ibarət qrup yaradılıb, adlar məlum olub
Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində dövlət ittihamçılarından ibarət qrup yaradılıb.
Liderxeber.az-ın məlumatına görə, Baş Prokurorluq dövlət ittihamını müdafiə edən əməkdaşların adlarını açıqlayıb.
Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin müvafiq Sərəncamı ilə həmin qrupa Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Vüsal Əliyev, Baş Prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi, II dərəcəli hüquqşünas Tuqay Rəhimli, Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə müşaviri Nəsir Bayramov, Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Fuad Musayev, Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviri Vüsal Abdullayev, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Təranə Məmmədova daxil ediliblər.
Xatırladaq ki, bu gün hərbi cinayətlərdə təqsirləndirilən 15 erməniəsilli şəxsin - Arkadi Qukasyan, Arayik Harutyunyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan, Davit Manukyan, Qarik Martirosyan, Melikset Paşayan, Davit Allahverdiyan, Qruqen Stepanyan, Levon Balayan, Madat Babayan, Vasili Beqlaryan, Erik Qazaryanın və Qarabağda keçmiş separatçı qurumda “dövlət naziri” olmuş Ruben Vardanyanın cinayət işləri üzrə məhkəmə prosesləri başlayıb.
Proses Suraxanı rayonu, Hövsan qəsəbəsində yeni inşa edilmiş Bakı Məhkəmə Kompleksində keçirilir.
Məhkəmə ümumilikdə 2 min 548 epizod üzrə işə baxacaq.