Pressa.az » Ölkə » Sumqayıtda "Pediatriyanın aktual problemləri” mövzusunda konfrans keçirilib

Sumqayıtda "Pediatriyanın aktual problemləri” mövzusunda konfrans keçirilib

19 yanvar 2025, Bazar günü, 23:15
Sumqayıtda "Pediatriyanın aktual problemləri” mövzusunda konfrans keçirilib

Sumqayıtda "Milli Pediatriya Akademiyası - 95 il” yubiley layihəsi çərçivəsində "Pediatriyanın aktual problemləri” mövzusunda konfrans keçirilib.

Liderxeber.az xəbər verir ki, konfransda TƏBİB nümayəndələri, millət vəkilləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmiləri və Sumqayıt Tibb Mərkəzinin (STM) rəhbərliyi iştirak ediblər.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yada olunub.

Pediatrlar və neanotoloqların qatıldığı konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) sədri Təranə Tağı-zadə rəhbərlik etdiyi təşkilatın tarixi və səhiyyəmizdə roluna dair məlumat verib.

Millət vəkilləri Hicran Hüseynova, Müşfiq Məmmədli, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova konfransın əhəmiyyətindən danışıblar.

STM-nin direktoru Elnur Azadxanov isə çıxışında son illərdə Sumqayıt səhiyyəsində aparılan islahatlardan, həyata keçirilən layihələrdən bəhs edib.

Qeyd edib ki, icbari tibbi sığortanın tətbiqindən sonra ölkədə sürətlə bu sahədə mühüm tədbirlər həyata keçirilir.

Vurğulayıb ki, maddi-texniki bazanın və kadr potensialının gücləndirilməsi, eləcə də həkimlərin yeni biliklərə yiyələnməsi, peşəkarlığının artırılması istiqamətində mühüm addımlar atılıb.

STM-nin direktor müavini, Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəbli "Uşaq və yeniyetmə sağlamlığının keyfiyyət standartları” mövzusunda təqdimatla çıxış edib. T.Rəcəbli ölkədə ana və uşaq sağlamlığı sahəsində standartların hazırlanmasından və tibbi xidmətlərdən bəhs edib.

Sonra APA-nın sədri Təranə Tağı-zadə tərəfindən STM-nin direktoru Elnur Azadxanov və Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəbli səhiyyə elm, təhsil, elmin inkişafında göstərdiyi xidmətlərə, innovativ təkliflərə, etdiyi humanitar dəstəyə və tibbi təhsilin modernizasiyası yolunda verdiyi töhfələrə görə təltif olunub.

STM-nin uşaq kardioloqu, tibb üzrə fəlsəfə doktoru Elnur İmanov isə konfrans iştirakçılarına "Pediatrik praktikada uşaqlarda kardiopatologiyanın diaqnostik meyarları” mövzusunda master-klas keçib.

Konfrans pediatriyanın müxtəlif istiqamətlərini əhatə edən digər məruzələrlə yekunlaşıb.