Pressa.az » Ölkə » Prezident İlham Əliyev “YAŞAT” Fonduna 5 milyon manat ayırıb

Prezident İlham Əliyev “YAŞAT” Fonduna 5 milyon manat ayırıb

19 aprel 2023, Çərşənbə, 17:57
Prezident İlham Əliyev “YAŞAT” Fonduna 5 milyon manat ayırıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) maliyyə dəstəyi haqqında Sərəncam imzalayıb.

LiderXəbər xəbər verir ki, Sərəncamda deyilir:

"Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1203 nömrəli Fərmanı ilə “YAŞAT” Fondu yaradılmışdır. Ötən dövr ərzində Fond əsas missiyasını yerinə yetirmiş, bütün müraciət edən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə və əlilliyi müəyyən olunmuş şəxslərə dəstək göstərilmiş, 36.553 müraciət təmin edilmiş, bu məqsədlə Fondun büdcəsindən 75.575.943 manat vəsait təyinatı üzrə xərclənmişdir".

Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailə üzvlərinin və dövlət orqanlarının (qurumlarının) işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onların nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş əməkdaşlarının və ya həlak olmuş əməkdaşların ailə üzvlərinin müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) 5 milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.