Pressa.az » Ölkə » Prezident İlham Əliyev 2 sərəncam imzalayıb

Prezident İlham Əliyev 2 sərəncam imzalayıb

12 aprel 2023, Çərşənbə, 15:45
Prezident İlham Əliyev 2 sərəncam imzalayıb

Prezident İlham Əliyev "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" Sərəncam imzalayıb.

LiderXəbər xəbər verir ki, Sərəncam “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamının icrası, ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə imzalanıb.

Sərəncama əsasən Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək.

Sənədlə Nazirlər Kabineti və bir sıra qurumlara uyğun tapşırıqlar verilib.

Prezident İlham Əliyev "Yengicə su anbarının tikintisi haqqında" da Sərəncam imzalayıb.

Sərəncamla Qəbələ rayonunda Yengicə su anbarı tikiləcək.

Sərəncamda deyilir ki, son illərdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülüb:

"Bununla yanaşı, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişmələri, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən, suya tələbatın artması məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının artırılması və sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri etmişdir.

Bu istiqamətdə fəaliyyətin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulduğu kimi, Qəbələ rayonunun ərazisində Yengicə su anbarının tikintisi üzrə zəruri texniki-iqtisadi əsaslandırma və layihələndirmə işləri başa çatdırılmışdır".

Sərəncam ölkədə su ehtiyatlarının artırılması, əkinəyararlı torpaqların genişləndirilməsi, müasir təsərrüfatların yaradılmasının və əhalinin məşğulluğunun artırılmasının təşviqi üçün Qəbələ rayonunda su anbarının tikintisi məqsədilə imzalanıb.

Sənədə əsasən Qəbələ rayonunda Yengicə su anbarı tikiləcək. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə Yengicə su anbarının tikintisi ilə bağlı müvafiq tədbirlər görülməsini təmin etmək, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qəbələ Rayon İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanlara Yengicə su anbarının tikintisindən irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb