Pressa.az » Ölkə » Milli Referens Laboratoriyasından daha bir uğurlu nəticə

Milli Referens Laboratoriyasından daha bir uğurlu nəticə

05 fevral 2025, Çərşənbə, 13:15
Milli Referens Laboratoriyasından daha bir uğurlu nəticə

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən Milli Referens Laboratoriyası ABŞ-ın “OTSC - Texas A&M AgriLife Research” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağında iştirak edib.

Laboratoriya qarğıdalı nümunəsində “Aflatoksin B1” və “Aflatoksinin ümumi miqdarı” parametrlərinin təyini üzrə uğurlu nəticələr əldə edib.

Milli Referens Laboratoriyasının bu uğuru təsadüfi deyil. AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsinə xüsusi diqqət yetirilir. Laboratoriyalarda qabaqcıl texnologiyalar tətbiq olunur. 

Milli Referens Laboratoriyasının apardığı uğurlu müayinələr nəticəsində ölkəmizdə istehsal edilən fındıq məhsullarında aflatoksinin yaranma riski minimuma endirilib. Buna görə də, 2024-cü il ərzində Avropa bazarlarına ixrac olunan məhsullarda aflatoksin aşkarlanması ilə bağlı heç bir bildiriş qeydə alınmayıb. Bu nailiyyət qida məhsullarının ixracı zamanı tətbiq olunan gücləndirilmiş nəzarət tədbirlərinin nəticəsidir.

Milli Referens Laboratoriyasında qida məhsullarının keyfiyyət və təhlükəsizlik parametrləri yüksək səviyyədə yoxlanılır. Burada mikrobioloji, fiziki-kimyəvi, cihaz müayinələri aparılır. Səriştəliliyin artırılması üçün kadrlar təlimlərə cəlb olunur. Həmçinin onların beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.