“Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 1-2 mart tarixlərində növbəti dəfə “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
Liderxeber.az xəbər verir ki, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada 20 rayondan 50-yə yaxın fermerin iştirakı gözlənilir.
Əvvəlcədən qeydiyyatdan keçən fermerlər 150 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Yarmarkada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət edəcək. AQTA-nın Səyyar Qida Laboratoriyası yarmarkanın yanında fəliyyət göstərəcək.
Qeyd edək ki, “Kənddən şəhərə” yarmarkalarında iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunacaqlar.