Təbii yolla qurudulan meyvələr daha faydalıdır
Meyvələr təbii və sənaye üsulla qurudulur. Satışda daha çox sənaye üsulu ilə qurudulmuş meyvələrə rast gəlirik. Təəssüf ki, bəzi işbazlar daha cazibəli görünmək üçün meyvə qurularının üzərinə kimyəvi maddələr vururlar.
Liderxeber.az xəbər verir ki, qida mütəxəssisi Məhsəti Hüseynovanın dediyinə görə, həmin maddələr bir çox hallarda təhlükə mənbəyi ola bilər: “Meyvələrın həddindən artıq parlaq və şəffaf görünməsi üçün onlara qida üçün nəzərdə tutulmayan yağlar vurulur. Bəzən rəngini qorumaq üçün qida boyaları adı altında sintetik boyalardan istifadə edirlər. Uzun müddət yararlı olmasını təmin etmək üçün həm qliserin, həm də palma yağından istifadə edirlər. Ona görə də iy və qoxusunun çəkilməsi, formasının dəyişilməməsi üçün bir çox kimyəvi maddələr qatılır”.
Kimyəvi maddələr isə həzm prosesini pozur, bağırsaqlarda yığılıb qalaraq bir çox xəstəliklərə səbəb olur. Meyvə quruları ilə yanaşı, çərəzlərin də açıq şəraitdə satışı və alışı düzgün deyil: “Çünki onların tərkibində uçucu faydalı yağlar var. Onların qabığı qırılıb uzun müddət açıq ləpə şəklində satılırsa, həmin faydalı elementlər uçur. Lakin qabıqdan qırılıb yeyilməsi orqanizm üçün çox faydalı olur. Paketlərdə qarışıq çərəzlər şəklində satılması isə ümumiyyətlə, tövsiyə olunmur, çünki kişmiş, qoz, fındıq və başqaları fərqli struktura malik olan quru meyvələrin bir-birinə qarışmaması üçün fərqli kimyəvi maddələr əlavə olunur və onlar sağlamlıq üçün zərərlidir. Eyni zamanda qovurulmur, duzlanmır və yaxud hər hansı bir dadlandırıcı əlavə olunmuş quru meyvələr də orqanizmin sağlamlığı üçün olduqca zərərlidir”, - deyə həmsöhbətimiz bildirib.
Təbii yolla qurudulan meyvələr az parlaq olsa da, daha faydalıdır. Lakin meyvələri ev şəraitində qurudarkən mütləq saxlanılma qaydasına xüsusi diqqət yetirməli və qurudulan zaman qətiyyən çürük və əzik meyvələrdən istifadə edilməməlidir.