Pressa.az » Səhiyyə » TƏBİB və İDDO Psixi Sağlamlıq Proqramı MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

TƏBİB və İDDO Psixi Sağlamlıq Proqramı MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

22 yanvar 2025, Çərşənbə, 17:54
TƏBİB və İDDO Psixi Sağlamlıq Proqramı MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Ölkəmizdə psixi sağlamlıq xidmətlərinin inkişafına töhfə vermək məqsədi ilə TƏBİB və İDDO Psixi Sağlamlıq Proqramı MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandum çərçivəsində psixi sağlamlıq sahəsində mühüm müzakirələr aparılıb və vacib addımların atılması planlaşdırılıb.

Görüşdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov uşaqların sağlam və gələcəyin layiqli nəsilləri kimi formalaşmasının ölkə üçün strateji əhəmiyyət daşıdığını bildirib. O, bu məqsədə çatmaq üçün bütün səylərin birləşdirilməsinin əsas prioritet olduğunu qeyd edib.

İDDO PSP MMC-nin direktoru Jalə Əhmədova isə çıxışında İDDO Psixi Sağlamlıq Proqramı barədə məlumat verərək, proqramın autizm sahəsində yenilik olduğunu vurğulayıb. O, autizm üzrə müayinə və müalicə standartlarının yaradılmasının əhəmiyyətini qeyd edib və bu addımın tibb sahəsində elmi yanaşmaların daha da təkmilləşdirilməsinə töhfə verəcəyini bildirib. J.Əhmədova autizmli uşaqlara diaqnoz qoyulması və müalicə ilə bağlı mövcud problemlərə toxunaraq, bu istiqamətdə mütəxəssislərin bilik və bacarıqlarının artırılmasının vacibliyini xüsusi vurğulayıb.

Görüş zamanı psixi sağlamlıq sahəsindəki qabaqcıl təcrübələr, innovativ yanaşmalar və onların standartlara inteqrasiya olunması ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin bu istiqamətdə ən yaxşı praktikalardan istifadə və xidmətlərin keyfiyyətinin artırılması yolları müzakirə olunub.