Pressa.az » Siyasət » Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar

Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar

30 aprel 2025, Çərşənbə, 11:36
Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar

“Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. Bu gün bu möhkəm təməl üzərində dövlətlərarası münasibətlərimiz inkişaf edir” :

Azərbaycan Prezidenti İlham Əliyev

Son illərdə davam edən regional geosiyasi dəyişikliklər bir çox ölkələrin gələçək inkişaf prespektivinin də yenidən şəkillənməsi zərurətini yaradıb. İranın hazırkı mürəkkəb geosiyasi durumu və iqtisadi vəziyyəti Azərbaycanla münasibətlərində də təsirsiz ötüşməmiş, bu istiqamətdə yeni səhifə açılmasına şərait yaratmışdır. Dərin və tarixi köklərə dayanan Azərbaycan və İran arasındakı əlaqələr və diplomatik münasibətlər bu zəmində xüsusilə aktuallıq təşkil edir. Sirr deyil ki, tarixin müxtəlif dönəmlərində qarşı tərəfin yürütdüyü fərqli siyasət, zaman-zaman nümayiş etdirilən eneşli-yoxuşlu münasibət, ayrı-ayrı siyasətçilərin mürəkkəb və ziddiyyətli mövqeyi bu ölkənin öz inkişaf istiqamətinin də qeyri-sabit müəyyənləşməsinə yol açmışdır. Hər bir halda qeyd etməliyik ki, Azərbaycan və İran tarixən bir-birinə bağlı dərin dövlətçilik ənənələri, sıx mədəni və dini əlaqələri olan qonşu dövlətlərdir. İranda say etibarilə soydaşlarımızın çoxluq təşkil etdiyini nəzərə alsaq, bu iki dövlət üçün münasibətlərdə qarşılıqlı anlaşma və etbarlı tərəfdaşlıq, mehriban qonşuluq və ticari əməkdaşlığın genişləndirilməsi son dərəcə vacib və önəmlidir.

Qeyd edək ki, Azərbaycan öz növbəsində hər zaman qarşılıqlı etimadın qorunmasında həssaslıq nümayiş etdirərək, mehriban qonşuluq, etibarlılıq prinsipinə sadiqlik göstərib. Bu baxımdan da İran İslam Respublikasının yeni seçilmiş prezidentinin bu günlərdə Azərbaycana rəsmi səfərini münasibətlərin gələcək kursunun müəyyənləşməsində yeni başlanğıc olaraq qiymətləndirilmək olar. Regionda maraqla qarşılanan bu səfər, həm Azərbaycan, həm də İran ictimaiyyətində ciddi müzakirələrə yol açıb. Bir çox siyasətçilər haqlı olaraq bunu iki azərbaycanlı Prezidentin möhtəşəm görüşü kimi qiymətləndiriblər. Ən azından Azərbaycan tarixinin yeni fəslinə yol açan bu görüş yeni imkanları və istiqamətləri ilə böyük ümidlərə yol açdı. İran Prezidentinin səfəri həmçinin, İran İslam Respublikasının fərqli dövlət quruluşu, dövlət qərarlarında təsirli mövqe tutan fərqli siyasi fikirlərə malik siyasi xadimlərin, statuslu məmurların olmasına baxmayaraq, iki qonşu ölkə arasında münasibətləri yüksək formada irəliləyəcəyinə inam yaratdı.

Xüsusilə də Azərbaycan səfirliyinə edilən terror hücumundan sonra tərəflər arasında ilk dəfə reallaşan yüksək səviyyəli görüş bundan sonrakı proseslərin daha uğurlu yöndə davam edəcəyinə ümidləndirdi. İran-Azərbaycan Qarşılıqlı Əməkdaşlıq Perspektivində bu tarixi görüşün əsas əhəmiyyəti Cənubi Qafqazın inkişaf və sabitliyinə yeni imkanlar bəxş etməsidir. Səfərin gündəliyində duran məsələlərdə, hər iki Prezidentin əhəmiyyətli mesajlarında bunu aydın görmək olar. Nəqliyyat və logistika sahəsində birgə layihələr, ticarət istiqamətdə dövriyyənin artırılması, yeni gömrük razılaşmaları, sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıq, humanitar, mədəniyyət, təhsil proqramları və mədəni münasibətlərin inkişafını əhatə edən müzakirələr yeni reallıqlar fonunda region üçün çox vacib və zəruridir. İki ölkə arasında əlbəttə ki, bu günə qədər bir çox sahələrdə əməkdaşlıq əlaqələri qurulmuşdur. Əsasən də ticarət və iqtisadiyyat yönümlü əlaqələr xüsusilə üstünlük təşkil edib. Görüşün əsas mövzusu olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, bu çərçivədə əməkdaşlığın daha da genişləndirilməsi, enerji resurslarının qarşılıqlı istifadəsi və “yaşıl enerji” sahəsində birgə layihələrin icrasını daha da gücləndirəcəkdir.

Bəli, göründüyü kimi Azərbaycan-İran münasibətlərində açılan yeni inkişaf mərhələsi yeni hədəflər, yeni imkanlar vəd edir. Azərbaycan və İran arasında əlaqələrin daha da möhkəmləndirilməsi regionda sabitliyin qorunmasında və inkişafın təmin olunmasında əvəzsiz töhfə olacaqdır.

Nəzakət Quluqızı;
Neftçala rayonu, ictimai fəal