Pressa.az » Siyasət » Rəsmi Bakıdan İrandakı edamla bağlı - Açıqlama

Rəsmi Bakıdan İrandakı edamla bağlı - Açıqlama

21 may 2025, Çərşənbə, 15:37
Rəsmi Bakıdan İrandakı edamla bağlı - Açıqlama

“27 yanvar 2023-cü ildə Azərbaycanın İrandakı Səfirliyinə qarşı terror hücumu həyata keçirmiş, Səfirliyin bir əməkdaşını qətlə yetirmiş, iki əməkdaşını isə yaralamış Yasin Hüseynzadəyə qarşı 28 yanvar 2024-cü ildə çıxarılmış ölüm hökmü bu gün səhər saat 5-də icra olunub”.

Liderxeber.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın İrandakı Səfirliyinə hücum etmiş terrorçuya qarşı edam hökmünün icrası ilə bağlı şərhində bildirib.

“Edamın icra olunması prosesini Səfirliyimizin 2 nəfər əməkdaşı və məhkəmə prosesində Azərbaycan tərəfindən təyin edilmiş vəkil müşahidə edib.

Sözügedən terror aktını həyata keçirmiş şəxsin ən ağır şəkildə cəzalandırılması Azərbaycanın İran tərəfindən əsas gözləntiləri sırasında idi.

Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin olunması və bu qəbildən əməllərin qarşısının alınması istiqamətində yerləşmə ölkəsi tərəfindən müvafiq tədbirlərin görülməsi hər zaman əhəmiyyət kəsb edir.

Qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində birgə səylərin davam etdirilməsini vacib hesab edirik”, - A.Hacızadə qeyd edib.