Putinlə Zelenskinin "qonaqpərvərliyi": Kim hansı ölkəyə gedə bilər?

Son günlər mediada və rəsmilərin açıqlamalarında Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenskinin bir-birini ölkələrinə dəvət etmələri və bunun fonunda yaranan gərgin ritorika səngimir.
Lakin iki düşmən ölkənin prezidentlərinin təklifləri ilə reallıq arasında böyük uçurum var. Buna həm hüquqi, həm təhlükəsizlik, həm də siyasi səbəblər maneələr törədir.
Tarixi və diplomatik kontekstdən yanaşsaq, açıq dialoq və format axtarışları 2022-25-ci illərdə, yəni müharibə başlayandan bu günə qədər dəyişkən olub. İlk mərhələdə görüşlər Belarus və Türkiyədə planlaşdırılsa da, sonradan rəsmi Minskin Moskvaya birmənalı dəstəyi danışıqların İstanbul formatında davam etməsi ilə nəticələndi. Son günlərdə də tərəflər yenidən ənənəvi formatı - digər neytral məkanları müzakirə ediblər. Türkiyə də dəfələrlə vasitəçilik təkliflərini irəli sürüb. Beynəlxalq səviyyədə də dialoqun canlandırılmasına maraq var, amma tərəflərin ilkin şərtləri, xüsusən də əsasən, ərazi tələbləri, neytrallıq və təhlükəsizlik zəmanətləri hələ də münasibətlərin tənzimlənməsi ilə tərs mütənasiblik təşkil edir və buna görə də ziddiyyətlər dərinləşir.
Məsələnin digər tərəfi isə hüquqi baryerlərlə əlaqəlidir. Ən qabarıq konkret hüquqi maneə isə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) 2023-cü ildə Vladimir Putinə və Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovaya qarşı çıxarılmış həbs qərarıdır. Bu, BCM üzvü olan ölkədə Putinin həbs edilməsini tələb edir.
Lakin BCM-in qərarlarının icrası üzv dövlətlərin siyasi iradəsinə və operativ imkanlarına bağlıdır. Məsələn, Putinin BCM üzvü olan Monqolustana səfəri vaxtı tutulmaması beynəlxalq hüququn tətbiqində məcburetmənin məhdud olduğunu göstərdi və məhkəmənin icrası ilə bağlı şübhələr yaratdı. Ona görə də bu mövzu ilə bağlı hüquqi analizlər və müzakirələr genişdir.
Ötən ilin avqustunda isə Ukrayna Ali Radası Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etdi. Məhz Putinin BCM tərəfində həbsinə order verilməsi də Ukraynada törədilən cinayətlərə görə olub. Belə olan halda, Putinin Kiyevə səfəri məhz bu ölkəyə görə axtarışa verildiyi məhkəmə tərəfindən həbs edilməsi deməkdir.
Təhlükəsizlik və logistika
Bir dövlət başçısının düşmən paytaxtına səyahəti, əslində, həm fiziki, həm də simvolik risk daşıyır. Tərəflər arasında aktiv hərbi əməliyyatlar, raket və dron hücumları, kəşfiyyat və quru əməliyyatları şəraitində belə bir səfər üçün tam təminat tələb olunur. Zelenskinin özü də məsələyə realist yanaşmayaraq bildirib ki, Moskvaya getməsi mümkün deyil, o, Putinin Kiyevə gəlməsini tələb edib.
Hər iki tərəf üçün "təhlükəsizlik zəmanəti" yalnız formal sənəd deyil, bu, neytral qüvvələrin iştirakı, hava məkanının qapadılması və s. kimi ciddi texniki və siyasi addımlar tələb edir. Bu tip zəmanətlərin verilməsi üçün isə üçüncü tərəf (məsələn, Türkiyə, BMT və ya NATO-dan bəzi elementlər) rol almalıdır və həmin üçüncü tərəf öz üzərinə ağır siyasi məsuliyyət götürür. Beynəlxalq hüquq baxımından da hər iki liderin öz ictimaiyyəti və koalisiyası qarşısında məsuliyyəti var. Zelenskinin Moskvaya getməsi Ukrayna daxilində geniş etirazlara, Putinin Kiyevə getməsi də Rusiyada milli konsensusun pozulmasına və onun tərəfdarları arasında əleyhdarların artmasına səbəb ola bilər. Bu, sadəcə, təhlükəsizlik deyil, həm də siyasi oxların cəmləşdiyi məsələdir.
Bəs hansı variant daha realdır?
Bütün bunları nəzərə alsaq, birbaşa qarşılıqlı səfərlər ən az ehtimal olunandır. Hüquqi (BCM) və təhlükəsizlik səbəbləri ilə, həmçinin daxili siyasi reaksiyalar səbəbindən qısa müddətdə reallaşması çox çətindir. Səfər "xüsusi zəmanətlə", üçüncü tərəfin təminatı ilə, nəzərəçarpacaq dərəcədə təhlükəsiz olmalıdır, amma bu da mürəkkəb məsələdir. Burada hüquqi məsələlərin necə həll ediləcəyi sualı açıq qalır.
Neytral məkanda görüş isə ən realist variantdır. Tarixi presedent və son dövrdə İstanbuldakı danışıqlar göstərdi ki, neytral məkanlar praktiki dialoq üçün əlverişlidir. Türkiyə artıq bir neçə dəfə belə vasitəçiliyi təklif edib. Beləliklə, atəşkəs, təhlükəsizlik zəmanətləri, üçüncü tərəfin təminatı, hüquqi mexanizm, siyasi paket kimi addımlar planlanmalıdır. Əks halda, Putinin Kiyevə və ya Zelenskinin Moskvaya səfəri reallıqdan uzaqdır. Hüquqi, təhlükəsizlik və siyasi maneələr çox güclüdür. Orta və ya uzaq perspektivdə ən real yol neytral ölkədə vasitəçiliklə üz-üzə danışıqlar, mərhələli etimad yaradacaq tədbirlər və geniş beynəlxalq zəmanətlərdir. BCM məsələsi isə dialoqun hüquqi və siyasi spektrinə daxil edildiyi üçün danışıqların ayrılmaz elementi olaraq qala bilər.