Pressa.az » Siyasət » Prezident yeni səfiri qəbul etdi - Fotolar

Prezident yeni səfiri qəbul etdi - Fotolar

16 oktyabr 2025, Cümə axşamı, 13:21
Prezident yeni səfiri qəbul etdi - Fotolar

Prezident İlham Əliyev oktyabrın 16-da Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Redanın etimadnaməsini qəbul edib.

Liderxeber.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev, ilk növbədə, Şarm-əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitinin yüksək səviyyədə təşkilinə görə Misir Ərəb Respublikasına təbriklərini çatdırdı. ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən Azərbaycanın bu tədbirə dəvətini yüksək qiymətləndirən dövlətimizin başçısı bunu ölkələrimiz arasında mövcud olan etimadın və dostluğun nümunəsi kimi dəyərləndirib.

Əbdülfəttah əs-Sisinin Azərbaycana səfərini, özünün isə Misirə rəsmi səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərlər çərçivəsində müzakirə olunmuş mövzuların həyata keçirilməsi ilə bağlı məsələlərə toxunub.

Səfir Misir Prezidenti Əbdülfəttah əs-Sisinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Əbdülfəttah əs-Sisiyə çatdırmağı xahiş edib.

Görüşdə Hökumətlərarası Komissiyanın əhəmiyyətinə toxunuldu, yaxın vaxtlarda onun növbəti iclasının keçiriləcəyi qeyd olundu. Bakı ilə Şarm-əl-Şeyx və Qahirə şəhərləri arasında birbaşa uçuşların olduğu və bunun turizm sahəsində əməkdaşlığa ciddi təkan verdiyi vurğulanıb.

Söhbət zamanı mədəni və humanitar sahələrdə əməkdaşlığımızın perspektivləri müzakirə olunub.