2026-cı il üçün ehtiyac meyarının həddi MM-də birinci oxunuşda qəbul edilib
Milli Məclis 2026-cı il üçün ehtiyac meyarının həddini birinci oxunuşda qəbul edib.
Liderxeber.az-ın məlumatına görə, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq ediləcək.
Məlumat üçün bildirək ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilib.
Bu o deməkdir ki, 2026-cı il üçün ehtiyac meyarı həddinin 15 manat, yəni təxminən 5.26 % artırılması nəzərdə tutulur.
Layihə qəbul ediləcəyi təqdirdə, 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
