Pressa.az » Siyasət » “Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılır

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılır

25 noyabr 2025, Çərşənbə axşamı, 16:31
“Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılır

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılır.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, “Ərzaq təminatı xəritəsi” informasiya sistemi (bundan sonra – Sistem) ölkədə ərzaq təminatı sahəsində mövcud vəziyyətin müəyyən edilməsini, bunun əsasında qərarların qəbul edilməsi üçün etibarlı və dayanıqlı informasiyanın yaradılmasını, toplanılmasını, işlənilməsini, saxlanılmasını, axtarışını və məlumatlara əlçatanlıq səviyyəsinin artırılmasını təmin edəcək. 

Sistemin sahibi və operatoru funksiyalarını İqtisadiyyat Nazirliyi həyata keçirir.

Nazirlər Kabineti “Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında əsasnaməni üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Həmçinin İqtisadiyyat Nazirliyi sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməlidir. Həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə sistemin Azərbaycan Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.