TRIPP-in icrasına dair bəyanat qəbul olundu
Xəbər verdiyimiz kimi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtona səfəri çərçivəsində ABŞ-nin dövlət katibi Marko Rubio ilə görüşüb.
Liderxeber.az xəbər verir ki, görüş zamanı “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) proqramı çərçivəsində Ermənistan-ABŞ çərçivə sazişi ilə bağlı birgə bəyanat təsdiqlənib.
Dövlət Departamenti həmin sənədin mətnini dərc edib:
“Dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Vaşinqtonda “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”(TRIPP) üzrə İcra Çərçivəsinin dərc olunmasını elan etmək üçün görüş keçiriblər. Sənəd Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün 8 avqust 2025-ci ildə Ağ Evdə qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılan son addımdır.
Çərçivə Ermənistan ərazisində maneəsiz, multimodal tranzit əlaqəsi yaratmaq məqsədi daşıyan TRIPP-in fəaliyyətə başlaması üçün konkret bir yol göstərir. Azərbaycanın əsas hissəsini və Naxçıvan Muxtar Respublikasını birləşdirərək,Trans-Xəzər Ticarət Marşrutunda həyati bir əlaqə yaradan TRIPP-in Ermənistan üçün beynəlxalq və dövlətdaxili əlaqə məqsədilə qarşılıqlı faydalar yaratması gözlənilir.
Prezident Trampın ev sahibliyi etdiyi 8 avqust 2025-ci il tarixində keçirilən tarixi Sülh Zirvəsində təsdiq edilmiş prinsipləri əks etdirən TRIPP İcra Çərçivəsi TRIPP-in ümumi uğuru üçün suverenliyin, ərazi bütövlüyünün və qarşılıqlılığın vacibliyini vurğulayır. TRIPP-nin əsas məqsədi Ermənistan və Azərbaycanın rifahını və təhlükəsizliyini gücləndirmək, regional ticarət və əlaqəni genişləndirməklə yanaşı, Mərkəzi Asiya və Xəzər dənizini Avropa ilə birləşdirən yeni tranzit imkanları yaratmaqla Amerika ticarətini daha da inkişaf etdirməkdir”.
