Aprelin 1-dən hərbi xidmətə çağırılacaqlar - Sərəncam
Azərbaycan vətəndaşları 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılacaq.
Liderxeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996-2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
