Pressa.az » Siyasət » Jalə Əhmədova: AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil

Jalə Əhmədova: AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil

26 yanvar 2024, Cümə, 11:48
Jalə Əhmədova: AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil

Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsi olaraq qalmaqda davam edir.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış yarım-sessiyasının açılış günündə (22 yanvar) AŞPA-da ölkəmizin nümayəndə heyəti üzvlərinin etimadnamələrinin təsdiq edilməməsi bu qərəzli siyasətin növbəti təzahürüdür. Deputatlarımızın etimadnamələrinin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürmüş və həmin təşəbbüs təsdiqlənmişdir.

Frank Şvabe təşəbbüsü irəli sürərkən çıxışında “100 mindən artıq Qarabağ ermənisinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib”.

Bu qalmaqallı təşəbbüs formal olaraq almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi məlumdur. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir.

Məlumdur ki, Fransa və Almaniya tandem şəklində çıxış edirlər. Bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Çünki Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və adıçəkilən ölkənin nüfuzunu itirməsinə görə Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır. Belə çıxır ki, AŞPA Almaniya və Fransanın əlində oyuncağa çevrilmiş bir qurumdur.

AŞPA-da Azərbaycana qarşı gedən bu proses isə təsadüfi deyil və AŞPA-nın davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır. Qərbdəki antiazərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.

Avropa İnsan Hüquqları Məhkəməsi isə Qərbin 5-ci kolonunu müdafiə edir və sifarişli qərarlar çıxarır. AŞPA Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanı məğlub etməsini, suverenliyimizin tam bərpa olunmasını həzm edə bilmir.

Avropanın əsl niyyətlərini ifşa edən həqiqət ondan ibarətdir ki, 2023-cü il aprelin 23-də Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb ediblər. Daha sonra isə Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişdi və 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirdi. Ermənilərin “blokadada yaşadıqları”nı göstərmək və uydurma faktlar əsasında saxta hesabatların hazırlanmasına xidmət edəcək sözügedən absurd niyyətlərin reallaşmasına Azərbaycan imkan vermədi.

Sonra isə 2023-cü ildə AŞPA digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlik “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan, eləcə də “Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul etdi.

AŞPA Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən, guya bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə “siyasi məhbus”ların olması ilə əlaqələndirsə də, əsas səbəbin Qarabağın azad olunması, ölkəmizin suverenliyinin tam bərpa edilməsi faktı ilə barışa bilməmələri, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir.

Lakin AŞPA-nın hazırkı qərarının insan hüquqları ilə heç bir əlaqəsi yoxdur və bu, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdi kimi qiymətləndirilməlidir.

Jalə Əhmədova

Milli Məclisin deputatı