Pressa.az » Siyasət » MDB Müşahidəçilər Missiyası: Bütün namizədlərə bərabər şərait yaradılıb

MDB Müşahidəçilər Missiyası: Bütün namizədlərə bərabər şərait yaradılıb

02 fevral 2024, Cümə, 15:02
MDB Müşahidəçilər Missiyası: Bütün namizədlərə bərabər şərait yaradılıb

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri namizədlərinə seçkiqabağı təşviqat aparmaq üçün bərabər şərait yaradılıb.

LiderXəbər xəbər verir ki, bu barədə məlumat MDB Müşahidəçilər Missiyasının Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərinə hazırlığın monitorinqinin nəticələrinə dair aralıq hesabatında yer alıb.

Hesabatda deyilir ki, Azərbaycan hökumətinin dəvəti ilə Müstəqil Dövlətlər Birliyinin (MDB) Müşahidəçilər Missiyası bu il 17 yanvardan etibarən 7 fevralda keçiriləcək Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərinə hazırlığın monitorinqini həyata keçirir.

Qeyd olunduğu kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildikdən sonra ilk dəfə olaraq bütün ölkə üzrə seçkilər keçiriləcək.

Müşahidə Missiyası 169 nəfəri akkreditə edib və buraya Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Tacikistan, Türkmənistan, Özbəkistan, habelə MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının, Rusiya və Belarus İttifaq Dövlətinin Parlament Assambleyasının, Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin nümayəndələri daxildir.

Onların fəaliyyətini Bakıdakı Missiya Qərargahı əlaqələndirir. Hesabata əsasən, Missiya seçki prosesinə və dövlətin daxili işlərinə qarışmadan Azərbaycan qanunvericiliyini, MDB çərçivəsində qəbul edilmiş sənədləri rəhbər tutmaqla öz funksiyalarını sərbəst və müstəqil şəkildə həyata keçirir: “Bütün prezidentliyə namizədlərin təşviqat qərargahının nümayəndələri ilə görüşlər keçirilib. Missiya açıq və şəffaf şəkildə fəaliyyət göstərir”.

Qeyd edək ki, ölkəmizdə cari ilin 7 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkiləri keçiriləcək.

Seçkilərin təşkili və keçirilməsini MSK, 125 dairə, 6319 məntəqə, o cümlədən 49 xarici ölkədə seçki komissiyaları reallaşdırır.

Prezident seçkilərində 7 namizəd mübarizə aparacaq. Həmin şəxslər isə aşağıdakılardır:

1. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.