Dörd ayda əhali 18 milyarddan çox xərcləyib

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Liderxeber.az Dövlət Statistika Komitəsinə istinadən xəbər ki, 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,6 faiz, qeyri-ərzaq malları üzrə 6,4 faiz artıb.
Məlumata görə, 2025-ci ilin yanvar-aprel aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 13,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi avtomobil benzini və dizel yanacağının, 4,3 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,2 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,7 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.
2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2025-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,6 faiz, fərdi sahibkarlar üzrə 0,7 faiz, bazar və yarmarkalarda isə 3,4 faiz artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 449,8 manatlıq, o cümlədən 252,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 197,4 manatlıq qeyri-ərzaq malları alıb.