Pressa.az » Cəmiyyət » Süd məhsulları diabetə qarşı - Yeni araşdırmanın maraqlı nəticələri

Süd məhsulları diabetə qarşı - Yeni araşdırmanın maraqlı nəticələri

16 may 2025, Cümə, 10:22
Süd məhsulları diabetə qarşı - Yeni araşdırmanın maraqlı nəticələri

Süd məhsullarının az miqdarda qəbulu, qan şəkərinin sabit qalmasına sırf veqan qidalanmadan daha yaxşı kömək edə bilər.

Liderxeber.az xəbər verir ki, bu barədə Hindistan və Böyük Britaniyadan olan alimlər apardıqları uzunmüddətli araşdırmadan sonra elan ediblər. Tədqiqatın nəticələri "Clinical Nutrition" jurnalında dərc olunub.

Araşdırmada 30 sağlam insan iştirak edib. Onlar iki həftə ərzində iki fərqli pəhrizlə qidalanıblar.

Birinci qrup həm bitki mənşəli qidalar, həm də süd məhsulları (məsələn, qatıq, pendir) qəbul edib - bu, lakto-vegetarian pəhriz adlanır.

İkinci qrup isə yalnız bitki mənşəli qidalar və süd əvəzediciləri - tofu, soya südü kimi məhsullarla qidalanıb.

Hər iki pəhrizin tərkibində eyni miqdarda kalori, zülal, yağ və karbohidrat olub.

Hər bir iştirakçının qan şəkəri səviyyəsi xüsusi cihazlarla gündə 96 dəfə ölçülüb. Bu, alimlərə gün ərzində şəkər səviyyəsinin necə dəyişdiyini dəqiq izləməyə imkan verib.

Araşdırmanın nəticələrinə görə, süd məhsulları qəbul edən iştirakçıların qan şəkəri daha aşağı və sabit olub. Onların orqanizmində yağların parçalanmasına və hüceyrələrin qorunmasına kömək edən asetilkarnitin maddəsi də daha çox müşahidə edilib.

Tamamilə veqan qidalanan şəxslərdə isə fenilalanin adlı maddənin səviyyəsi artıb ki, bu da qlükozanın bədəndə düzgün mənimsənilməsinə mənfi təsir göstərə bilər.