Əcnəbilər Qazaxıstana yeni qayda ilə gedəcəklər
Qazaxıstanda noyabrın 1-dən etibarən ölkəyə səfər edən əcnəbilər üçün elektron giriş icazəsinin alınması ilə bağlı yeni qaydaların mərhələli tətbiqinə başlanılıb.
Liderxeber.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Elektron giriş icazəsi (ETA - Electronic Travel Authorization) "QazETA" dövlət rəqəmsal platforması vasitəsilə rəsmiləşdiriləcək. Bu sənəd vizasız rejim tətbiq olunan ölkələrin vətəndaşları üçün nəzərdə tutulub.
Yenilik turizm şirkətlərinə, mehmanxanalara və xarici mütəxəssisləri dəvət edən təşkilatlara da şamil olunacaq.
Sistemin mərhələli şəkildə tətbiqi planlaşdırılır. İlk mərhələdə elektron icazənin olmaması əcnəbilərin Qazaxıstana girişinə imtina üçün əsas sayılmayacaq. Lakin 2027-ci il iyulun 1-dən etibarən bu tələb şamil olunan şəxslərin elektron icazə alması məcburi olacaq.
Xarici turistlər elektron icazəni ödənişsiz əldə edə biləcəklər. Sənəd 180 təqvim günü ərzində qüvvədə olacaq. Bununla belə, həmin müddət ərzində Qazaxıstanda ümumilikdə 90 günədək qalmaq mümkün olacaq.
Bəzi şəxslər elektron icazə almaq tələbindən azad ediləcəklər. Belə şəxslər üçün 29 istisna kateqoriyası nəzərdə tutulub. Bunlara qüvvədə olan Qazaxıstan vizası olan şəxslər, diplomatların müəyyən kateqoriyaları, 16 yaşadək uşaqlar və 65 yaşdan yuxarı şəxslər daxildir.
