Pressa.az » Cəmiyyət » Qubada kino çəkilişinə gedənlərin avtomobili dərəyə yuvarlandı: Ölən və yaralı var

Qubada kino çəkilişinə gedənlərin avtomobili dərəyə yuvarlandı: Ölən və yaralı var

27 avqust 2025, Çərşənbə, 16:23
Qubada kino çəkilişinə gedənlərin avtomobili dərəyə yuvarlandı: Ölən və yaralı var

Avqustun 27-də saat 14:00-da Quba rayonunun Qalayxudat kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bir nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Liderxeber.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda qeyd olunub ki, müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə daxil olan 1977-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmətlər göstərilib:

"Hazırda müalicəsi davam etdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir. Qeyd edək ki, hadisə zamanı bir nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb".

Məhərrəm Əliyev

Quba-Xınalıq yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Rayonun Qalayxudat kəndindən keçən hissəsində baş verən qəzada bir nəfərin öldüyü, bir nəfərin isə ağır yaralandığı deyilir.

Liderxeber.az  xəbər verir ki, qəza nəticəsində "Ford" markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Hazırda onun sıxılmış vəziyyətdə olan meyitinin çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə işləyirlər.

Əldə olunan digər məlumata görə, qəzaya düşən avtomobil Qrız kəndinə film çəkilişi üçün yollanan texniki heyətə məxsus olub. Nəqliyyat vasitəsində sanitar təyinatlı avadanlıqlar da daşınırmış. Bildirilir ki, sözügedən film Yaponiyadan olan tərəfdaşlarla birgə çəkilir.

Qəza zamanı avtomobildə olan şəxslərdən biri dərəyə düşüb və o, təcili tibbi yardım vasitəsilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin ehtimallara görə, qəza dumanlı hava şəraitində sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Avtomobil təxminən 100 metr hündürlükdən dərəyə yuvarlanıb.

Hadisə ilə bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.