Azərbaycanlı qadın əcnəbiyə ərə gedə bilməz!
Kubra Məhərrəmova yazır...
Son dövrlər azərbaycanlı qızların əcnəbilərlə evliliyi birmənalı qarşılanmayıb.
Etiraf etməliyik ki, əvvəl bu hal istisna kimi idisə, indi bu halla tez-tez rastlaşırıq.
Hadisələrin inkişafı fonunda bəziləri düşünür ki, azərbaycanlı qız, avtomatik müsəlman olduğu üçün qeyri-müsəlman kişi ilə izdivaca girə bilməz. Çünki islam dini buna qadağa qoyur.
Lakin diqqətə almaq lazımdır ki, islam dini bu məsələdə kişilərə qarşı bir qadağa qoymayıb.
Məsələ ilə bağlı Modern.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov fikirlərini belə izah edib: "İslam dini yalnız müsəlman kişilərin xristian və ya yəhudi qadınlarla evlənməsinə icazə verir. Müsəlman qadınların isə qeyri-müsəlman, hətta "əhli-kitab" olan bir kişi ilə ailə qurmasına icazə verilmir. Bu, İslam dininin əsas prinsiplərindən biridir".
Bəs bu barədə Azərbaycan Respublikasının Ailə Məcəlləsi nə deyir?
Maddə 1. Azərbaycan Respublikasının ailə qanunvericiliyi və onun əsasları
1.5. Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir.
Bu maddə ilə aydın olur ki, Azərbaycan dövləti dini nikahı tanımır və onun heç bir hüquqi qüvvəsi yoxdur.
Maddə 2.
2.4. Nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması qadağandır.
Bu maddə ilə də dövlət Azərbaycan vətəndaşının nikah hüququnu və həyat yoldaşı seçiminin azadlığını təmin edir. Yəni hər iki cins həyat yoldaşı seçimində azaddır və qanuni nikaha heç bir qadağa yoxdur.
Dini kəbin məsələsini təsadüfən qeyd etmədim. Son 10 ildə azyaşlı qızların erkən nikaha məcbur edilməsi, çox zaman onların valideynləri tərəfindən dini nikah adı altında, "mənəvi" və "psixoloji" dəyərlər ilə izah olunur. Bu vəziyyət, cəmiyyətin bəzi hissələrində erkən evliliyi normal qəbul etməyə meylli yanaşmalara, hətta təşviqə səbəb olur.
Sosial şəbəkələrdə bu məsələ ilə bağlı ən çox eşitdiyimiz fikir isə "nənələrimiz də 14-15 yaşında ərə gediblər, ən doğrusu budur".
Lakin müasir həyatda azyaşlı qızların erkən yaşda ərə verilməsi heç də yaxşı nəticələrə gətirib çıxarmır.
Erkən doğuşlar, boşanmalar, uşaq və ana ölümləri, çox zaman da həkim müayinəsi zamanı dölün cinsi müəyyən olunduqdan sonra, qız olduğuna görə tələf olunması...
Nə qədər qəddar səslənsə də, Azərbaycan reallığı üçün bu artıq normaya çevrilib.
Maraqlısı odur ki, Azərbaycan cəmiyyəti bu zaman islam dininin buyurduğuna o qədər də əməl etmir.
"Kim iki qız uşağını böyüdər, onlara yaxşı baxar və onlara düzgün təhsil verərsə, mən və o şəxs cənnətdə belə bir vəziyyətdə olacağıq (işarə ilə bildirərək)", - Məhəmməd peyğəmbər belə buyurub.
Yəqin bu sözü heç olmasa ömründə bir dəfə də olsa hər kəs eşidib. Fərqli versiyalarda. Əsas məğz budur ki, islam dini də, onun elçisi də qız övladlarına nəvaziş və sevgi ilə yanaşmağı buyurub.
Lakin Azərbaycan cəmiyyəti özünə sərf edəndə olur müsəlman, sərf etməyəndə isə peyğəmbərin də, Quranın da dediklərini qulaqardına vurur.
Bəs bu ikili standart haradan qaynaqlanır?
Həqiqətən də, cəmiyyətin istənilən hadisə, məsələ ilə bağlı fikri və düşüncəsi niyə dəyişir?
Lazım olanda konstitusiyadan maddəni, hətta XIX-XX əsrin əvvəllərində Azərbaycanda hökm sürən xurafatı əllərində bayrağa çevirirlər.
Bəlkə, bu, cəmiyyətin hələ də özünü dərk etməməsindən irəli gəlir?
Yəni cəmiyyət kollektiv olaraq hələ də özünü, qanunu, dini, insan hüquq və azadlıqlarını dərk edə bilmir.
Hələ də mürəkkəb vəziyyətə düşəndə, həlli yolunu müasir bilik və istiqamətlərə deyil, XIX-XX əsrin əvvəlinə istinad edərək görür. Köhnəlikdən qurtula bilmədən, yeni və gənc nəsli də keçmişin qaranlığında dəfn etməyə əzm göstərir. Əfsus ki, cəmiyyətimiz bir çox hallarda buna nail də olur.
Mühafizəkar və qaranlıq əmrlərə baş əyməyənlər isə "ala qarğaya" çevrilirlər.
Müasir dövrün dəyişən tələbləri, qızların təhsili, bərabərlik və insan hüquqları mövzusunda danışan kəslər isə "feminist" damğası ilə bəzədilir. Çoxu isə bunun nə olduğunu belə bilmir.
Yaxşı, bəs hüquq və azadlıqları tapdanılan insanlarla nə edək?
Nə deyək onlara? Deyək ki, "nənələrimiz də, belə yaşayıb?".
Amma gəlin bir də babalara nəzər salaq. Necə olub ki, II Dünya müharibəsindən sonra sağ-salamat qayıdan babaların ikisindən biri Rusiya, Ukrayna, Moldova və s. ölkələrdən evlənərək Azərbaycana həyat yoldaşı ilə qayıdıblar?
Yenə də ikili standart.
Yaxşı ki, Azərbaycanın hüquq sistemi müasir dövrün tələblərinə uyğun olaraq qadınların həyat yoldaşlarını seçmə azadlığını təmin edir. Kaş cəmiyyət də, bu azadlığı tanıyaraq, hər kəsin həyatına hörmət göstərə.
Amma təəssüf ki, cəmiyyətimiz ictimai nəqliyyatda yer üstündə dava edir.
Bəli, dini baxımdan məsələ tam aydındır. Həm də dinin buyurduğu müzakirə oluna bilməz. Ya bununla razılaşırsan, ya da yox.
