Pressa.az » Cəmiyyət » Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər - Qanun nə deyir?

Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər - Qanun nə deyir?

17 aprel 2026, Cümə, 08:34
Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər - Qanun nə deyir?

Xaricdə bağlanmış nikah Azərbaycanda etibarlı sayılır?

Liderxeber.az xəbər verir ki, Ailə Məcəlləsinin 148-ci maddəsinə görə, Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan vətəndaşları arasında, Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, bu Məcəllənin 12-ci maddəsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycanda etibarlı hesab edilir.

Nikahın bağlanmasına mane olan hallar isə aşağıdakılardır:

- yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);

- övladlığa götürənlər və övladlığa götürülənlər;

- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;

- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;

- ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

- nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər;

- ikisindən biri və ya hər ikisi Azərbaycan ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər;

- ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.