Pressa.az » Cəmiyyət » “ASAN xidmət” kollektivi Zəfər Gününü qeyd edib

“ASAN xidmət” kollektivi Zəfər Gününü qeyd edib

03 noyabr 2026, Çərşənbə axşamı, 11:05
“ASAN xidmət” kollektivi Zəfər Gününü qeyd edib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 8 Noyabr – Zəfər Günü ilə əlaqədar tədbir təşkil olunub.

Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət"in şəhid ailə üzvü, qazi, həmçinin müharibə veteranı olan əməkdaşları ilə görüşüb.

Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ülvi Mehdiyev bildirib ki, Zəfər Gününün altıncı ildönümü xalqımız tərəfindən böyük qürur və fəxarət hissi ilə qeyd olunur. O vurğulayıb ki, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımız azad edilib, tarixi ədalət bərpa olunub. Qeyd edilib ki, bu Qələbə milli birliyimizin və gücümüzün təcəssümü olmaqla, gələcək nəsillər üçün əbədi qürur mənbəyidir.

Şəhidlərimiz - Anar Şükürovun, Fəqan Zalovun, Sübhan Abulrəhmanlının və Surxay Noçuyevin valideynləri Emma Şükürova, Amil Zalov, Mehriban Abdulrəhmanova və Əbdül Noçuyev bu günü qürur və ehtiram hissi ilə qeyd etdiklərini vurğulayıblar. Onlar bildiriblər ki, övladları Vətənin azadlığı və suverenliyi naminə həyatlarını qurban verərək əsl qəhrəmanlıq göstəriblər. Şəhidlərimizin əziz xatirəsinin daim yaşayacağını və göstərdikləri şücaətin gələcək nəsillər üçün örnək olacağ da qeyd edilib.

Vətən müharibəsi iştirakçıları Nizami Əliyev və Şəmsi Məmmədov döyüşlərdə nümayiş etdirilən qəhrəmanlıq və vətənpərvərliyin xalqımızın həmrəyliyini, Azərbaycan Ordusunun gücünü bir daha təsdiqlədiyini bildiriblər. Onlar vurğulayıblar ki, əldə olunan tarixi Zəfər şəhidlərimizin müqəddəs qanı, hərbçilərimizin fədakarlığı və əzmkarlığı sayəsində mümkün olub.

Tədbirdə Zəfər Günü ilə bağlı videoçarx nümayiş etdirilib və tanınmış incəsənət xadimlərinin iştirakı ilə vətənpərvərlik mövzusunda ifalar səsləndirilib.

Xatırladaq ki, "ASAN xidmət"də ümumilikdə 300-ə yaxın şəhid və müharibə veteranı ailə üzvü, müharibə veteranı statusuna malik əməkdaş çalışır.