Pressa.az » Cəmiyyət » 562 uşaq övladlığa götürülüb, 15 uşaq himayədar ailələrə verilib

562 uşaq övladlığa götürülüb, 15 uşaq himayədar ailələrə verilib

01 iyun 2024, Şənbə, 13:00
562 uşaq övladlığa götürülüb, 15 uşaq himayədar ailələrə verilib

BMT Baş Assambleyasının qərarı ilə 1950-ci ildən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Azərbaycan uşaqların müdafiəsi və qayğı ilə əhatə olunması sahəsində fəal dövlət siyasətinə malikdir. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı ölkəmizdə uşaqların müdafiəsi, sosial təminat və reabilitasiya sistemi ilə əhatə olunmaları, uşaq qayğı sisteminin inkişafı istiqamətində də tədbirlərin ildən-ilə güclənməsinə imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Liderxeber.az-a verilən məlumata görə, Nazirlik tərəfindən əlilliyi olan uşaqlara, ailə başçısını itirən və aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdəki uşaqlara, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların, beşdən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqlarına aylıq sosial ödənişlər edilir. Eləcə də əlilliyi olan uşaqlara və işləyən valideynlərdən üç yaşadək uşaqlara qulluq edənlər, valideyn himayəsindən məhrum uşaqların qəyyumları, övladlığa və himayəyə uşaq götürənlər aylıq sosial ödənişlə təmin edilirlər. Yeni doğulan uşaqlara görə ailələrə, habelə himayəyə götürdükləri uşaqlara mövsümi geyim alınması üçün himayədar ailələrə birdəfəlik müavinət verilir.

Bu sosial ödənişlər ümumilikdə 600 mindən çox şəxsi əhatə edir və həmin ödənişlər mütəmadi olaraq artırılır. Xüsusilə son beş ildə ölkədə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi həssas qruplardan olan uşaqların da reabilitasiyasında, yaradıcı potensiallarının inkişafına dəstək göstərilməsində mühüm rola malikdir. Mərkəzdə ötən dövrdə 550 nəfərdən çox benefisiar təlimlərə və sosial-psixoloji dəstək tədbirlərinə cəlb edilib ki, onlardan 293 nəfərini uşaqlar təşkil edib.

Əlilliyi olan uşaqların reabilitasiyası və sosial xidmətlərlə təminatı sahəsində də ardıcıl işlər aparılır. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində Nazirliyin əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılıb. Son illər Qəbələ və Şəmkirdə də Uşaq Reabilitasiya Mərkəzləri yaradılmaqla Nazirliyin uşaq reabilitasiya müəssisələrinin sayı 4-ə çatdırılıb. Digər bölgələrdə də belə müəssisələrin yaradılması nəzərdə tutulur.

Bu ilin ötən dövründə Nazirlik tərəfindən tərəfindən əlilliyi olan 9,2 mindən çox uşağa ambulator və stasionar, habelə səyyar formada reabilitasiya xidmətləri göstərilib. Həmçinin bu dövrdə əlilliyi olan və digər həssas qruplardan olan 6,2 min uşaq isə səyyar, stasionar və yarımstasionar formada reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilib. 1 noyabr 2019-cu il tarixindən övladlığagötürmə üzrə idarəetmə və xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Bu sahədə elektron infrastruktur üzərində müasir, şəffaf və çevik xidmətlər sistemi yaradılıb. Həmin vaxtdan 562 uşaq övladlığa götürülüb.

Ölkəmizdə uşaq qayğı sisteminin inkişaf etdirilməsi sahəsində növbəti addım olaraq “Himayədar ailə” modeli də tətbiq olunur. Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum uşaqların ailə mühitində böyüməsi və inkişafına xidmət “Himayədar ailə” qayğı modeli çərçivəsində artıq 15 uşaq himayədar ailələrə verilib.