Düzgün qidalanma necə olmalıdır?
Düzgün qidalanma sağlamlığın təməl prinsipidir. Davamlı sosial inkişafı cəmiyyətin sağlamlığı olmadan təsəvvür etmək mümkün deyil. Müasir yaşayış tərzi sağlam qidalanma prinsiplərinin gündəlik həyata tətbiqini çətinləşdirir. Gündəlik müxtəlif təzə qida məhsullarının istehlakı orqanizmi lazımı qədər zəruri qida maddələri ilə təmin edir. Bu, həm də insanların çəki alma (piylənmə) və qeyri-infeksion xəstəliklərə yoluxmasına gətirib çıxaran yüksək şəkər, yağ və duz ehtiva edən pəhriz məhsullarından çəkinmələrinə səbəb olur. İlk növbədə qidalanmanın ən optimal rejiminə əməl etmək lazımdır. Belə ki, gün ərzində 2-3 saatdan bir müəyyən miqdarda qida qəbul etmək məsləhətdir. Bu toxluğa səbəb olacaq və normadan artıq qida qəbulunun qarşısını alacaqdır.
ÜST insanlara müxtəlif çeşidli qida məhsullarının istehlakını tövsiyə edir. Həm buğda, arpa, çovdar, qarğıdalı və düyü kimi dənli bitkilərə, həm nişasta əsaslı kökyumrularına və ya kartofa, həm mərci və lobya kimi paxlalı bitkilərə, həm digər meyvə-tərəvəzlərə, həm də ət, balıq, yumurta və süd kimi heyvan mənşəli məhsullara gündəlik qida rasionunda üstünlük verilməlidir. Qəlyanaltı olaraq, şəkər, duz və yağ ehtiva edən qida məhsulları deyil, çiy tərəvəzlər və təzə meyvələr məsləhət görülür.
Düzgün qidalanma
Konservləşdirilmiş və ya qurudulmuş meyvə-tərəvəzdən istifadə üçün duz və şəkər əlavə edilməmiş məhsullar seçilməlidir. Məlumdur ki, meyvə və tərəvəzlər vitamin, mineral, qida lifləri, zülal və antioksidantların əsas mənbəyidir. Qida rasionu meyvə və tərəvəzlərlə zəngin olan insanlarda piylənmə, ürək, insult, diabet və bəzi xərçəng xəstəlikləri riski əhəmiyyətli dərəcədə aşağı olur. Mümkün qədər ağ ətə (məsələn, quş əti) və aşağı yağ tərkibli balıq ətinə üstünlük verilməlidir. Məhdud sayda emal prosesinə məruz qalmış ət məhsulları, həmçinin yağsızlaşdırılmış süd məhsulları istehlak edilməlidir.
Yüksək miqdarda doymuş yağlardan ibarət və heyvan mənşəli qida məhsullarından (kərə yağı, əridilmiş yağ, kokos və palma yağlarından) deyil, doymamış yağların (zeytun, soya, günəbaxan, qarğıdalı və digərlərin) istifadəsi məqsədəuyğundur. Yeməklərin hazırlanmasında zülal tərkibli qidalara, təzə tərəvəzlərə üstünlük verilməlidir. Belə ki, onlar orqanizm tərəfindən yaxşı mənimsənilir və hüceyrələrdə yığılmır. Həmçinin tərəvəzlər lif və sellüloza ilə zəngin olduğu üçün aclığı dəf edir. Zəif həzm olunan karbohidratlarla zəngin qida maddələrini isə (kartof və lobya əlavə edilmiş yeməklər, çörək, xəmir məhsulları və s.) ayrıca istehlak etmək lazımdır.
Tərkibində çoxlu miqdarda zülal olan qidaları seçərkən, yalnız bir növ zülalla zəngin məhsullara üstünlük vermək məsləhətdir. Belə ki, əgər balıq və ya digər dəniz məhsullarına üstünlük verilirsə, bu qidanı ətlə qarışdırmaq tövsiyə olunmur. İstehlak olunan qidanın miqdarı da son dərəcə vacib amildir. Mütəxəssislər bir yemək saatında 3-dən artıq çeşiddə yeməyin istehlakını məsləhət görmürlər. Sağlam qidalanmanın daha bir qızıl qaydası asta-asta yeməkdir. Çünki doyma siqnalı beyinə 20 dəqiqə ərzində çatır. Asta-asta qidalanma qısa müddətdə doyma hissinin yaranmasına səbəb olur və insan normadan artıq yemir.
Su orqanizm üçün müstəsna əhəmiyyətə malikdir. Suyun zülal tərkibli qidalardan 4 saat, nişastalı qidalardan 2 saat, meyvələrdən 30 dəqiqə sonra içilməsi faydalıdır. Həzmi yaxşılaşdırmaq üçün Matcha Yapon yaşıl çayından içmək faydalıdır.
Pensilvaniya Universitetinin mütəxəssisləri hesab edirlər ki, gec saatda, xüsusilə də yatmağa yaxın zamanda qidalanma çəki və maddələr mübadiləsində mənfi dəyişikliklərə yol açır. Mütəxəssislər müəyyənləşdiriblər ki, səhər yeməyi üçün ən yaxşı vaxt saat 07:00-09:00, nahar üçün saat 12:30-13:00, şam yeməyi üçün isə saat 18:00-18:30-dur. Saatına diqqət etməklə gündə 3 dəfə müxtəlif tərkibli qidaların və lazımı miqdarda suyun istehlakına riayət etmək vacibdir.