"Kartalkaya"dakı yanğına dair dəhşətli təfərrüat: "İmtiyazlı" qonaqlar üçün 78 nəfəri "yandırıblar"

Türkiyənin Bolu vilayətində "Kartalkaya" xizək kurortundakı "Grand Kartal" hotelində yanvarın 21-də baş verən və 36-sı uşaq olmaqla 78 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı ekspertiza hesabatında çox heyrətləndirici və dəhşətli detallar yer alıb.
Bu barədə Liderxeber.az"Haber Global"a istinadən xəbər verir.
Hesabatda iddia edilir ki, yanğın başladığı andan hotel işçiləri diqqəti "naməlum imtiyazlı qonaqlar"a yönəldiblər və bu insanların təxliyəsi zamanı yanğın barəsində hər kəsə xəbər verilməyib.
Bildirilir ki, təxliyə zamanı əsas üstünlük hotel menecerləri və onların yaxınlarına verilib. Videogörüntülər və telefon HTS araşdırmaları göstərib ki, yanğın elan edildikdən sonra bəzi "imtiyazlı" insanların təxliyəsi üçün xüsusi səy göstərilib.
"Yanğın barədə məlumat verildikdən sonra xəbərdarlıq sistemlərini işə salmaq əvəzinə, yuxarı mərtəbələrdən təxliyə zamanı izdihamın qarşısını almaq üçün bəzi kimliyi bilinməyən imtiyazlı şəxslər üçün fərdi xilasetmə əməliyyatları aparılıb və bəzi şəxslərin naməlum qara rəngli minik avtomobili ilə xilas edilməsinə çalışılıb", - deyə hesabatda bildirilib.
Qeyd edilib ki, hotel işçilərinin təxliyə qaydalarına düzgün əməl etməməsi və dəqiq məlumat verməməsi yanğının daha böyük fəlakətə çevrilməsinə səbəb olub.
Vurğulanıb ki, mətbəx işçiləri yanğından xəbərdar olduqdan sonra qeydiyyat şöbəsi ilə əlaqə saxlasalar da, yanğının bütün hotelə yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görülməyib.
Bu hesabat yanğının yayılmasında personalın və hotel rəhbərliyinin səhlənkarlığının böyük rol oynadığını ortaya qoyur və fəlakətə görə məsuliyyət daşıyanların tapılması üçün yeni ipucları verir.
Oxşar Xəbərlər:



