Dünyada şərab içənlərin sayı azalıb: İstehlak rekord səviyyəyə enib

Dünyada şərab istehlakı iqtisadi və geosiyasi amillər fonunda 2024-cü ildə rekord dərəcədə aşağı düşüb.
Liderxeber.az interfax.ru-ya istinadən xəbər verir ki, Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OIV) araşdırmasına əsasən, 2024-cü ildə dünya üzrə şərab satışı cəmi 214 milyon hektolitr təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 3.3 faiz azdır.
Qeyd olunur ki, bu, təşkilatın statistika aparmağa başladığı 1961-ci ildən bəri ən aşağı şərab istehlakı göstəricisidir.
OIV ekspertləri bu azalmanı inflyasiyanın artmasına səbəb olan və bazarda qeyri-müəyyənlik mühiti yaradan iqtisadi və geosiyasi amillərin məcmusu ilə əlaqələndirirlər. Bundan əlavə, istehlakın göstəricilərinin azalmasına insanların həyat tərzi seçimi və sosial vərdişlərindəki dəyişikliklər əhəmiyyətli dərəcədə təsir göstərib.
Təşkilat onu da qeyd edir ki, dünyada üzüm bağlarının sahəsi artıq dördüncü ildir azalır və 2024-cü ildə 7.1 milyon hektar təşkil edib. Şərab istehsalı keçən il 2023-cü illə müqayisədə demək olar ki, beş faiz azalaraq 60 ildən çox müddətdə ən aşağı səviyyəyə çatıb.
Qlobal tənəzzülə baxmayaraq, İtaliya, Fransa və İspaniya 2024-cü ildə şərab istehsalında lider olublar.