Pressa.az » Dünya » Çin və Vyetnam sahillərində güclü tropik qasırğa: Gəmilərə xəbərdarlıq edildi

Çin və Vyetnam sahillərində güclü tropik qasırğa: Gəmilərə xəbərdarlıq edildi

25 avqust 2025, Bazar ertəsi, 13:46
Çin və Vyetnam sahillərində güclü tropik qasırğa: Gəmilərə xəbərdarlıq edildi

"Kadziki" tropik qasırğası Tonkin körfəzində (Cənubi Çin dənizinin Çin və Vyetnam sahillərində yerləşən, Leyçou yarımadası və Haynan adası vasitəsilə açıq dənizdən ayrılan körfəzi - red.) 4-6 metrlik dalğalar yaradıb.

Bu barədə Liderxeber.az xəbər verir.

Məlumata görə, bununla əlaqədar Çin Dəniz Mühitinin Proqnozlaşdırılması Mərkəzi tərəfindən akvatoriyada gəmilər üçün sarı xəbərdarlıq səviyyəsi elan edilib.

Haynanın şərq, cənub və qərb sahillərində 2-4 metr hündürlüyündə orta yüksək dalğalar gözlənilir. Bundan əlavə, adanın qərb və şimal sahillərində 30-50 sm-lik fırtına dalğası müşahidə olunacaq. Quansi-Çjuansk Muxtar Dairəsi və Leyçjou yarımadasının sahillərində 40-90 sm-lik fırtına dalğası gözlənilir.

Xatırladaq ki, tayfun (qasırğa) daha əvvəl məşhur turizm kurort şəhəri Sanyanın yerləşdiyi Haynan adasının cənub sahili yaxınlığından keçmişdi. Hazırda fırtına artıq əyalətdən uzaqlaşaraq Vyetnamın şimal hissəsinə doğru hərəkət edir. Tayfunun mərkəzinə yaxın küləyin sürəti 40 m/s-ni keçir.

Çində böyük dalğalar üçün dördsəviyyəli xəbərdarlıq sistemi mövcuddur (qırmızı ən yüksək, narıncı, sarı və mavi).