Pressa.az » Dünya » Trampın məhkəmə iddiası rədd edildi

Trampın məhkəmə iddiası rədd edildi

14 aprel 2026, Çərşənbə axşamı, 12:45
Trampın məhkəmə iddiası rədd edildi

Florida ştatının dairə məhkəməsi ABŞ Prezidenti Donald Trampın “The Wall Street Journal” nəşrinə qarşı qaldırdığı şərəf və ləyaqətin qorunması ilə bağlı 10 milyard dollarlıq iddiasını rədd edib. 

Liderxeber.az xəbər verir ki, bu barədə nəşr öz saytında məlumat yayıb.

Bildirilib ki, iddia 2025-ci ilin iyulunda “The Wall Street Journal”da dərc olunan məqalə ilə bağlıdır. Belə ki, həmin məqalədə Trampın qalmaqallı amerikalı maliyyəçi Ceffri Epşteynə hədiyyə etdiyi iddia olunan açıqcadan bəhs edilib. Yazıda həmçinin Trampın açıqcanı Epşteynə göndərdiyini inkar etdiyi və nəşri məhkəmə ilə hədələdiyi də qeyd olunub. 

Hakim Darrin Geylsin qəbul etdiyi məhkəmə qərarına əsasən prezidentin vəkilləri böhtan faktını sübut edə bilməyiblər. Belə ki, hakim məqalənin hazırlanması zamanı jurnalistlərin şərh üçün Trampın özünə, ABŞ Ədliyyə Departamentinə, eləcə də Federal Təhqiqatlar Bürosuna müraciət etdiklərini bildirib. Məhkəmə bunu araşdırma aparmaq cəhdi kimi qiymətləndirib.  

Bununla belə, dövlət başçısı iddiasını dəqiqləşdirməklə aprelin 27-dək yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. 

Qeyd edək ki, 2025-ci ilin sentyabrında bu açıqcanın fotoşəklini ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan deputatları dərc ediblər. Üzərində çılpaq qadın bədəninin silueti təsvir olunmuş açıqca “Ceffri” və “Donald” arasında dialoqu əks etdirir.