İnstaqram bu funksiyanı ləğv etdi
“Meta” şirkətinin İnstaqram platformasında başdan-başa şifrələmə (E2EE) funksiyasını dayandırması texnologiya dünyasında geniş müzakirələrə səbəb olub.
Liderxeber.az xəbər verir ki, bu gündən qüvvəyə minən dəyişiklikdən sonra istifadəçilər artıq instaqram mesajlarında əlavə təhlükəsizlik təmin edən şifrələmə funksiyasından istifadə edə bilməyəcəklər.
Yeni qərarla instaqramın birbaşa mesajlaşma sistemi standart şifrələmə modelinə keçəcək. Bu isə o deməkdir ki, platforma texniki baxımdan mesaj məzmununa çıxış imkanına sahib olacaq. Mətnlər, şəkillər, videolar və səs qeydləri müəyyən hallarda platforma tərəfindən görünə biləcək.
“Meta” qərarın səbəbini şifrələnmiş mesajlaşma funksiyasından istifadə edənlərin sayının az olması ilə izah edib. Şirkət istifadəçilərə təhlükəsiz mesajlaşma üçün vatsap tətbiqindən istifadə etməyi tövsiyə edib.
Bununla yanaşı, məxfilik və kibertəhlükəsizlik üzrə mütəxəssislər qərarın fərqli səbəblərlə əlaqəli ola biləcəyini düşünürlər. Bəzi ekspertlər “Meta”nın süni intellekt sistemlərini inkişaf etdirmək və reklam texnologiyalarını gücləndirmək üçün daha çox məlumat əldə etməyə çalışdığını bildirib.
Qərar müxtəlif reaksiyalar doğurub. Uşaq təhlükəsizliyi ilə məşğul olan bəzi təşkilatlar şifrələmənin aradan qaldırılmasını dəstəkləyərək bunun cinayətkar fəaliyyətlərin aşkarlanmasını asanlaşdıracağını bildiriblər. Digər tərəfdən, rəqəmsal hüquq müdafiəçiləri bunu istifadəçi məxfiliyi üçün ciddi geriləmə hesab edirlər.
“Signal”, vatsap və “iMessage” kimi platformalarda başdan-başa şifrələmə standart olaraq qalır.
Oxşar Xəbərlər:
