Pressa.az » Dünya » Koreyada BMU-İNHA İDP-nin II mərhələsi üzrə müqavilə imzalandı - Fotolar

Koreyada BMU-İNHA İDP-nin II mərhələsi üzrə müqavilə imzalandı - Fotolar

02 iyun 2026, Çərşənbə axşamı, 16:04
Koreyada BMU-İNHA İDP-nin II mərhələsi üzrə müqavilə imzalandı - Fotolar

Bakı Mühəndislik Universitetinin (BMU) rəhbərlik etdiyi nümayəndə heyəti Cənubi Koreya Respublikasında səfərdə olub.

Liderxeber.az xəbər verir ki, səfər çərçivəsində BMU ilə Koreyanın İNHA Universiteti arasında ikili diplom proqramının (BMU-İNHA İDP) davam etdirilməsi barədə əməkdaşlıq müqaviləsi imzalanıb.

Tədbirdə BMU-nun rektoru Yaqub Piriyev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən danışaraq, bu sənəd çərçivəsində həyata keçirilən ikili diplom proqramlarının xüsusi önəmini vurğulayıb. 2020-ci ildən icra olunan proqramın icra müddətinin 2030-cu ilədək uzadıldığını bildirən rektor BMU-İNHA İDP-nin layihənin ikinci mərhələsi üzrə əməkdaşlığın davam etdirilməsinin iki ölkə arasında formalaşmış dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyini deyib.

İNHA Universitetinin rektoru Cho Myeong Voo iki ölkə arasında münasibətlərin möhkəmlənməsində təhsil sahəsində əməkdaşlığın xüsusi rol oynadığını vurğulayıb və hazırda İDP çərçivəsində təhsil alan tələbələrin bu əlaqələrin gələcək inkişafına mühüm töhfə verəcəklərinə inandığını qeyd edib.

Qeyd edilib ki, “İnformasiya texnologiyaları”, “Elektronika mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “İnşaat mühəndisliyi” ixtisasları üzrə icra olunan və 3+1 modelinə əsaslanan BMU-İNHA İDP çərçivəsində ötən ildən etibarən yeni ixtisas istiqamətləri üzrə qəbul aparılır. Hazırda proqram üzrə “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “İnformasiya texnologiyaları” və “Elektrik və elektronika mühəndisliyi” ixtisaslarında tələbə hazırlığı həyata keçirilir. Hazırda İDP çərçivəsində ümumilikdə 329 tələbə təhsil alır. Bu zamana qədər proqramdan 143 nəfər məzun olub. İNHA Universitetində 4-cü tədris ili üzrə təhsil alan 114 tələbə isə bu ilin yay aylarında növbəti məzunlar kimi Azərbaycana dönəcəklər.

Sonra İDP-nin davam etdirilməsinə dair müqavilə imzalanıb.

Koreyada, həmçinin BMU-İNHA İDP üzrə Rəhbər Komitənin iclası keçirilib. İclasda çıxış edən Yaqub Piriyev ötən dövrdə proqram çərçivəsində görülən işləri vurğulayaraq bildirib ki, bu layihə müasir və innovativ kadr potensialının gücləndirilməsinə, eləcə də beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə əhəmiyyətli töhfələr verir.

İclasda ötən ilin maliyyə hesabatı, 2026-cı il qəbul cədvəli, cari tədris ilinin payız semestri üzrə tədris nəticələri, planlaşdırılan fəaliyyətlər, həmçinin müqavilənin 2-ci mərhələsi barədə Rəhbər Komitə üzvlərinə məlumat verilib. Digər çıxış və müzakirələrin ardınca müvafiq qərarlar qəbul olunub.

Koreyaya səfər zamanı BMU-nun rektoru ikili diplom proqramının tələbələri ilə də görüşüb. Sonuncu kursu bitirməkdə olan tələbələri bu münasibətlə təbrik edən Yaqub Piriyev ölkənin strateji inkişaf prioritetləri çərçivəsində yüksəkixtisaslı, innovativ düşüncəyə malik və beynəlxalq rəqabət mühitində fəaliyyət göstərə bilən insan kapitalının formalaşdırılmasında ikili diplom proqramlarının mühüm rol oynadığını söyləyib. Eyni zamanda proqram məzunlarının işğaldan azad olunmuş torpaqlarda bərpa və yenidənqurma işlərinə töhfə verə biləcəklərinə inamını vurğulayıb.

Səfər çərçivəsində BMU nümayəndə heyəti Azərbaycanın Koreyadakı səfirliyində də olub və səfir Ramin Həsənovla görüşdə dünyanın qabaqcıl ölkələrindən biri olan Koreya ilə təhsil sahəsində əməkdaşlığın önəminə diqqət çəkilib, elmi-akademik əməkdaşlıq məsələləri müzakirə olunub.