Azərbaycanlıların olduğu gəmi PUA hücumuna məruz qaldı
Bu gün Odessa yaxınlığında dron hücumuna məruz qalan azərbaycanlı dənizçilərin olduğu "Albatros Corporation" məxsus "ATA -2" (IMO 9387669) quru yük gəmisi Rumıniyanın Suliniya limanına çatıb.
Odessa limanı yaxınlığında azərbaycanlı dənizçilərin olduğu yük gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Ölkə.az xəbər verir ki, bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyinin sədri İlham Nəsirov “Facebook”da məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında Albatros Corporation şirkətinə məxsus "ATA-2" quru yük gəmisinə Odessa limanı yaxınlığında üç PUA hücum edib.
Məlumata görə, gəmi ciddi zədələr alıb və hazırda Rumıniya sahillərinə doğru hərəkət edir.
Ekipaj 13 nəfərdən ibarətdir, onlardan 12-nin Azərbaycan, 1-nin isə Türkiyə vətəndaşı olduğu qeyd edilib.
İlkin məlumata əsasən, hadisə nəticəsində həlak olan və ya xəsarət alan olmayıb.
Qeyd edək ki, iyulun 14-də də Ukraynanın Odessa sahilləri yaxınlığında Azərbaycan vətəndaşlarının olduğu "Atlas Bey" adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalmışdı.
Hücum zamanı gəmi kapitanı Səməd Nəsrullayev həlak olmuş, 10 Azərbaycan vətəndaşı sahilə çıxa bilmişdi.
Səməd Nəsrullayevin cənazəsi Lənkərana gətirilərək torpağa tapşırılıb.
