Pressa.az » Dünya » Kütləvi etirazlara görə distant təhsilə keçdilər - Fotolar

Kütləvi etirazlara görə distant təhsilə keçdilər - Fotolar

02 oktyabr 2026, Cümə, 12:21
Kütləvi etirazlara görə distant təhsilə keçdilər - Fotolar

Fransanın bir sıra şəhərlərində yuxarı sinif şagirdlərinin davam edən etiraz aksiyaları səbəbindən 400 məktəb distant təhsil formatına keçirilib. 

Liderxeber.az xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Eduar Jefre “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb. 

“Yandırılmış orta məktəb, üzərinə benzin tökülmüş əməkdaşlar, xəsarət alanların sayının artması... Heç bir tələb bu cür hərəkətlərə haqq qazandıra bilməz. Məsuliyyətimiz aydındır: şagirdləri və əməkdaşları qorumaq və dərslərin davam etməsini təmin etmək. Buna görə də dərslərin distant formada keçirilməsini xahiş etdim. Zorakılıq tələbələrimizi təhsil almaq kimi əsas hüquqlarından məhrum etməyəcək”, - nazir yazıb.

Etiraz aksiyaları artıq Fransa hakimiyyətini bəzi tədbirlər görməyə vadar edib.  Belə ki, hökumət təqaüd almayan tələbələr üçün “Grandes Écoles” hazırlıq kurslarında (CPGE) və ixtisasartırma kurslarında (BTS) təhsil haqqı tətbiq etməkdən imtina edib. 

Xatırladaq ki, Fransa dövlət sektorunun həmkarlar ittifaqlarının və lisey şagirdlərinin sentyabrın 29-da başlatdığı etirazlar ölkə boyu kütləvi aksiyalara çevrilib. Ümumilikdə aksiyalarda 300 min nəfərdən çox etirazçının iştirak etdiyi bildirilir. Fransa Daxili İşlər Nazirliyi indiyədək asayişi pozan 1949 nəfərdən çox nümayişçinin saxlanıldığını açıqlayıb.